• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

DİQQƏT! Çipsi bu halda zəhərlənməyə səbəb olur

CƏMİYYƏT

11 Iyun 2024 | 11:50

DİQQƏT! Çipsi bu halda zəhərlənməyə səbəb olur

Sosial şəbəkələrdə yayılan məlumata görə, Qobustanda Turqut adlı azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb. 

Mütəxəssislərə görə, çipsilər və xüsusən də ədviyyatlı çipsilər uşaqlar üçün daha təhlükəlidir. ABŞ-də ədviyyatlı çipsi yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın ölüm səbəbi nəticəsində məlum olub ki, yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı qəfil ürək dayanmasına səbəb ola bilir. Bu komponent çipsi yeyən uşaqlarda ürək və ürək əzələ zolağının da böyüməsinə səbəb olur. 

Bütün hallarda uşaqların sevimli təamlarından biri olan çipsi dünyada ən çox satılan qida məhsullarından sayılır. Həmçinin çipsi ən gəlirli biznes sahələrindən biri hesab olunur. 

Bəs görəsən, əksəriyyətin çox sevdiyi çipsinin insan orqanizminə hansı zərərləri var?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yay mövsümündə qida zəhərlənmələrinin sayında artım müşahidə olunur.

Qida zəhərlənmələri müxtəlif mənşəli olur. Azyaşlı uşaqlara zərərli hesab olunan paketlənmiş qidaların, suxarinin, çipsinin verilməsi valideynlərin məlumatsızlığının əlamətidir. Çünki azyaşlılara paketlənmiş qidaların verilməsi nəinki zəhərlənməsinə, eləcə də uşağın düzgün inkişaf etməməsinə şərait yaradır. Çipsilərin tərkibində istifadə olunan indriqentlər, aromatizatorlar, dadlandırıcılar  və məhsulun uzun müddət qalması üçün istifadə olunan kimyəvi maddələr insan orqanizminə ziyan vurur. Xüsusən də asılılıq yaradan sintetik mənşəli "monosodium glutamate" və ya "natrium qlutamat" maddələri ağızda dad reseptorlarının formalaşmasına mane olur. Çipsi istehlak edən uşaqlarda inkişafdan geri qalma, aqressivlik, yuxusuzluq və ənənəvi qidalardan zövq almamaq kimi hallar müşahidə olunur. 

Əgər uşaqda kimyəvi maddələrə qarşı allergik reaksiyalar varsa, paketlənmiş qidalardan zəhərlənməsi mümkündür. Bütün hallarda qida zəhərlənməsində şəxsin gün ərzində qəbul etdiyi hər bir qidanı araşdırmaq lazımdır. Əgər uşaqda zəhərlənmə çipsidən sonra baş veribsə, məhsul köhnə olub və ya düzgün şəraitdə saxlanmayıb. İsti havaları nəzərə alsaq, paketlənmiş məhsul yüksək temperatura məruz qalır və tərkibində müəyyən dəyişiklik baş verir. Bu isə zəhərlənməyə səbəb olan amillərdən biri ola bilər. 

3 yaşa qədər uşaqlara çipsi verilməsi məsləhət görülmür. Ümumilikdə  20 yaşa qədər olanların paketlənmiş qidalardan uzaq durması tövsiyə olunur. Çünki bu yaşa qədər insan orqanizmi inkişaf prosesindədir.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, qeydə alınan ölüm faktının qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, çipsi ABŞ-nin Saratoqa-Sprinqs kurorot şəhərindəki restoranların birinin adı ilə bağlıdır. 1853-cü ildə bu restoranda işləyən Corc Kram onun yaradıcısı hesab edilir. Belə ki, restorana gələn müştərilərdən biri sifariş etdiyi kartof qızartmasının qalın doğrandığından şikayət edib. Aşbaz Kram bu şikayəti zarafatla qarşılayıb və kartofları kağız kimi doğrayaraq qızardıb. Nəticə isə hər kəsin xoşuna gəlib. Beləliklə, kartof-çipsinin əsası qoyulub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024