Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı və təbii ki, bu qəzalarda həyatını itirənləri sayı artır. Müşahidələr göstərir ki, piyada və sürücülərin diqqətsizliyi ilə yanaşı, yolların işıqlandırılmaması da qəzalara səbəb olur.
Paytaxtın Hövsan və “Saray yolu” adlanan ərazilərində yaşayan sakinlərin yolların işıqlandırılmamasından şikayətləri son günlər daha da artıb. Sakinlər qeyd edirlər ki, yollar o qədər qaranlıqdır ki, sürücü piayadanı, hətta digər maşını görməkdə belə çətinlik çəkir. Bu hal hər il neçə-neçə insanın canını alır.
Saray və Hövsan yolundakı problem illərdir mətbuatda işıqlandırılır, ancaq görünən odur ki, həllini tapmayıb. Bakıvaxtı.az bu dəfə həmin ərazilərdə yaşayan media nümayəndələri arasında sorğu keçirdi.
“APA TV”nin müxbiri Elşad Mətləboğlu Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Hövsan yolunda işıq dirəkləri olsa da, amma işıqlanma yoxdur. Onun sözlərinə görə, bu problem illərdi öz həllini tapmır. Həmkarımız qeyd edib ki, dəfələrlə orda ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verib və verməkdə davam edir.
“Media tərəfindən bu yolun problemi dəfələrlə işıqlandırılsa da, heç bir nəticəsi yoxdur” deyən E.Mətləboğlu bildirib ki, Hövsan yolunda heç bir radar, təhlükəsizlik kamerası da yoxdur. Onun sözlərinə görə, sürət həddi qoyulsa da buna heç kim əməl etmir. Çünki yolda radarlar quraşdırılmayıb.
“İşıqsız və radarsız yol hələ çox qəzaların baş verməsinə səbəb olacaq, - deyə jurnalist əlavə edib.
Bakıvaxtı.az saytının əməkdaşı Səbuhi Elnurun sözlərinə görə, Saray sakinləri uzun müddətdir ki, yolsuzluqdan əziyyət çəkir: “Qaranlıq çökən kimi isə qəsəbə ərazisində maşın sürmək və piyada kimi gəzmək çox təhlükəli vəziyyət alır. Qəsəbənin mərkəzi yolları və küçələri olan Heydər Əliyev, Məhəmməd Əsədov, İlqar Abdullayev, Ömər Xəyyam küçələri, habelə Saray postundan qəsəbə ərazisinə daxil olduqda küçə işıqlarının dirəkləri görünsə də, onların işığının yandığını demək olar ki, heç kəs görməyib”.
S.Elnur qeyd edib ki, qəsəbədə bu səbəbdən tez-tez piyadaların vurulması ilə nəticələnən ağır yol qəzaları baş verir.
“Ümüdvarıq ki, məsələ tez bir zamanda öz həllini tapacaq”, - deyə həmkarımız vurğulayıb.
“Axar.az” saytının müxbiri Sevinc Xan qızı Süleymanova Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Zığ yolu adlanan hissə çox vaxt qaranlıq olur: “Mən o ərazidən sadəcə keçirəm, orada yaşamıram, amm yol gedəndə də görürük ki, qaranlıqdır. İşıqlandırma olmadığı üçün qəzalar olur, tez-tez maşınlar toqquşur, sürücü piyadanı görmür”.
Onun sözlərinə görə, bu problem illər əvvəl də olub, sonra dedilər düzəlib: “Zığ yolundakı problem, əslində, dəfələrlə ictimailəşdirilib, ancaq həllini tapmayıb”.
Mövzu ilə bağlı Bakıvaxtı.az Bakı şəhət İcra Hakimiyyətinə sorğu göndərib.
Aytac Aslan










jpg-1689846585.webp)


jpg-1689844621.webp)


