Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır", - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir: "Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır".
"Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır", - dövlət başçısı əlavə edib.