"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlar verdi. Prezidentin qeyd etdiyi kimi, 2025-ci ilin büdcəsi rekord səviyyədədir və bu, Azərbaycan iqtisadiyyatının daxili resurslar və düzgün idarəetmə sayəsində əldə etdiyi böyük nailiyyətdir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Deputat prezidentin iqtisadi islahatlar və beynəlxalq reytinqlərdəki müsbət dəyişikliklərə diqqət çəkdiyini qeyd edib. Millət vəkili qeyd edib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, şəffaflıq, xarici sərmayələrin cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliyin şahidi oluruq:
"Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ölkəmizin beynəlxalq reytinqi indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib, bu il və gələn illərdə bu dinamika saxlanılacaq".
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi:
“Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın".
Deputat müsahibədə diqqət göstərilən məsələlərdən biri kimi Ermənistanın silahlandırılmasından da bəhs edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir:
"Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz".
Vüqar Rəhimzadə hazırkı dövrün reallıqları fonunda Azərbaycanın regionda və dünya siyasətində yerini və rolunu, ümumi mənzərəsini təqdim edib. Bildirib ki, ölkəmiz Cənubi Qafqazda söz sahibidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionda aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir:
"Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Dövlətimizin başçısı İlham Əliyev bu mənzərəni belə təqdim etdi ki, bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil".
Millət vəkili qeyd edib ki, sözügedən müsahibədə dövlətimizin başçısı İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır:
"Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq".
Əli Hüseynov