"Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Sorosçu”ların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır:
“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.
Prezidentin vurğuladığı məsələni Bakıvaxtı.az-a dəyərləndirən Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsinə bir neçə aspektdən yanaşmaq lazımdır.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin olunması beynəlxalq hüquqdan doğan haqqımızdır:
"İmperialist qüvvələrin himayəsi ilə tarixi torpaqlarımızda qurulan erməni dövlətinin formalaşmasından sonra sovet dönəmində ərazilərimiz mərhələli şəkildə qoparılaraq Ermənistana verilib. O cümlədən həmin dövrdə Zəngəzurun önəmli əraziləri də Ermənistana qeyri-qanuni şəkildə verilib. Hətta Azərbaycanda Kommunist Partiyasının rəhbərliyində təmsil olunan erməni idarəçilər Zəngəzur Ermənistana hədiyyə edildikdən sonra mərhələ-mərhələ bəzi kəndlərimizi də ermənilərə verdilər. Nəticədə Azərbaycanla Naxçıvan arasında süni şəkildə formalaşdırılmış Meğrinin ərazisi artırıldı. Əsas məsələ odur ki, beynəlxalq statusda olan Qars müqaviləsinə zidd şəkildə Naxçıvanın 12 kəndi də Ermənistana verildi. Bu, beynəlxalq müddəların əleyhinə həyata keçirilən bir əməl idi. Biz masada bu məsələni də qoymalıyıq. Əgər tarixi Zəngəzur torpaqlarından söhbət gedirsə, qeyri-qanuni şəkildə bizdən alınan torpaqlarımızı da geri tələb etməliyik. Bu, tarixi haqqımızdır".
T.Nüsrətoğlu qeyd edib ki, Zəngəzur dəhlizi türk dünyasının birliyi baxımından da çox önəmlidir:
"Elə Zəngəzuru ermənilərə hədiyyə edən imperialist güclərin məqsədi də türk dünyasının birliyini, coğrafi bütünlüyünü pozmaq olub. Ona görə də Zəngəzur dəhlizi mütləq açılmalıdır. Hazırda yeni dünya nizamı qurulmaqdadır. Ancaq bu proses çox ağrılı, sancılı mübarizələrlə gedir. Xüsusən nəqliyyat yolları, ticarət dəhlizləri çox önəmli hala gəlib. Ermənistanın zəif halqa olduğunu bilən geosiyasi qütblər çalışırlar ki, Zəngəzur dəhlizinə onların vasitəsi ilə nəzarət etsinlər. Bu məsələdə Qərbi, ABŞ-ni, Fransanı qeyd edə bilərik. Hətta ümumiyyətlə açılmasına imkan vermək istəməyənlər də var”.
Müsahibimiz vurğulayıb ki, kənar güclərin Azərbaycandan Naxçıvana gediş-gəlişə nəzarət etmək istəməsi bizim üçün qəbuledilməzdir. Türk dünyasının münasibətləri baxımından da bu, uyğun deyil:
“Biz eksterritorial (toxunulmaz -red) status tələb edirik və bu, mütləq verilməlidir. Nəzərə alaq ki, dünya ticarəti yavaş-yavaş Asiya mərkəzli ticarət kimi formalaşır. Çinin yüksəlməsi, Hindistan faktorunu da nəzərə alsaq, Zəngəzur dəhlizinin önəmi artır. Rusiya üçün də dəhlizin əhəmiyyəti böyükdür. Yəni geosiyasi maraqlar kəsişməsində olsa da, böyük dövlətlərin - Türkiyə, Rusiya, Çin və s. ticari maraqları dəhlizin açılmasını tələb edir. Gec-tez Zəngəzur dəhlizi açılmalıdır".
Telman Nüsrətoğlu: Ermənistanı bu məsələdə "yox" deməyə sövq edən ölkələrdən biri...
Analitik bəyan edib ki, Ermənistanı bu məsələdə "yox" deməyə sövq edən ölkələrdən biri İrandır:
"İranın anti-türk, anti-Azərbaycan siyasəti ortadadır. Halbuki, İran dövləti min il boyunca türklər tərəfindən yönədilib, Azərbaycan türkləri İran ərazisində böyük demoqrafik gücə sahibdir. Buna rəğmən, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Səbəbi də odur ki, bizim Naxçıvana gediş-gəliş məsələsində İrandan asılı qalmağımızı istəyir. Türkiyə ilə Orta Asiya arasında hərəkət edəcək tırların onun ərazisindən keçməsini istəyir. Burada müəyyən iqtisadi gəlirlər də var ki, ondan məhrum qalmaq istəmir. Ancaq biz buna razı ola bilmərik. Zəngəzur Azərbaycanın tarixi yurdudur və ötən dövrdə qeyir-qanuni şəkildə erməniləşdirilib. Haqqımızı almalıyıq, Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməliyik. Məsələ kritikləşir. Ermənilər də bir tərəfdən silahlanır. Məhz Zəngəzurda ermənilər tərəfindən hansısa təxribatın şahidi ola bilərik. Bu, mümkündür və biz hazır olmalıyıq. Əgər elə olarsa, Azərbaycanın haqqı var ki, təhlükəsizlik zolağı formalaşdırsın".
Aydın Baxış