2021/22-ci tədris ili başa çatır. Ali məktəblərin sonuncu kurs tələbələri həyəcanla dövlət imtahanını gözləyirlər. Bu il də dövlət imtahanı ya test ilə, ya da yazılı olacaq. Əksəriyyət hesab edir ki, qiymətləndirmə formasının dəyişilməsinə ehtiyac var.
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, qiymətləndirilmə hər universitetdə müxtəlif formalarda təşkil oluna bilər: “Təhsil Nazirliyinin Əsasnaməsinə görə son kurs tələbələrinin buraxılış işi və ya dövlət attestasiyası imtahanı seçməsi könüllüdür. Burada xüsusilə buraxılış işini o tələbələrin seçməsi müsbət olar ki, onlar təhsillərini magistratura səviyyəsi üzrə xaricdə davam etdirəcəklər. Bəzən xarici universitetlər qəbul edəcəkləri tələbənin buraxılış,bitirmə işi olmasını tələb edirlər. Ona görə universitetlərdə iki cür tətbiq var. Bəziləri akademik göstəriciləri 80-dən çox olanlara buraxılış işi verir, ancaq göstəriciləri daha az olanlar isə dövlət attestasiya imtahanına düşürdülər”.
Ekspert qeyd edib ki, məzunların dövlət attestasiyası yalnız dövlət akkreditasiyasından keçmiş ali təhsil müəssisələrində ali peşə təhsilinin dövlət standartlarında nəzərdə tutulan istiqamət və ixtisasları üzrə aparılır: “Dövlət attestasiyası ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunan dövlət attestasiya komissiyası tərəfindən həyata keçirilir. Amma bunu tamamilə tələbənin ixtiyarına buraxmaq lazımdır. Çünki bakalavriat təhsili haqqında Təhsil Nazirliyinin Əsasnaməsində son kurs tələbələri buraxılış işi, yaxud dövlət attestasiya imtahanı vermədə sərbəstdirlər. Hər bir buraxılış işinə rəhbərlik edən müəllim üçün müəyyən yük var. Sadəcə, bəzi universitetlər də bu yükü tamamlamaq və s. kimi səbəblərlə müəyyən qədər tələbələrin bitirmə işini təhvil verməsini istəyirlər”.
Onun sözlərinə görə, dövlət attestasiyası aşağıdakı formalar üzrə keçirilə bilər: “Müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları; İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanı; buraxılış işinin müdafiəsi. Müəyyən fənlər üzrə yekun dövlət imtahanı tələbənin bu fənlər üzrə tədris planlarında nəzərdə tutulan və dövlət təhsil standartları ilə müəyyən edilən materialların mənimsənilmə səviyyəsini təyin edir. İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarında, ayrı-ayrı fənlərin məzmunu olan tələbələrlə yanaşı, həmçinin məzuna həmin istiqamət (ixtisas) üzrə dövlət təhsil standartının qoyduğu ümumi tələblər də nəzərdə alınmalıdır. Buraxılış işi müvafiq kafedralar tərəfindən müəyyənləşdirilir və fakültə elmi şurasında təsdiq edilən mövzular əsasında yerinə yetirilir. Tələbəyə mövzu seçmək və eləcə də işlənməsinin məqsədəuyğunluğu və əhəmiyyəti əsaslandırılan mövzular təklif etmək hüququ verilir. Buraxılış işinin yerinə yetirilməsi üçün hər bir tələbəyə rəhbər və zəruri hallarda məsləhətçilər təyin edilir. Buraxılış işləri təhsil dövründə məzunun yerinə yetirdiyi kurs işləri və layihələrini ümumiləşdirməklə də hazırlana bilər”.
Dövlət attestasiyasının tərkibinə hökmən müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları və buraxılış işinin müdafiəsi daxil edilir. Müəyyən hallarda bu bəndə istisnalar təsisçi tərəfindən edilə bilər: “Dövlət attestasiyası tərkibinə daxil edilən attestasiya sınaqlarının konkret siyahısı, buraxılış işinin yerinə yetirilməsi qaydası və müddətini, onların müdafiə vaxtını ali məktəbin (fakültənin) elmi şurası müəyyənləşdirir və ali məktəb rəhbərliyi tərəfindən təsdiq olunur. Müəyyən fənlər üzrə yekun və ya istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun Dövlət imtahanlarının proqramları, eləcə də bu imtahanların və buraxılış işlərinin qiymətləndirmə meyarları komissiya sadrlərinin iştirakı ilə müzakirə olunur və müvafiq fakültə elmi şurası tərəfindən təsdiq edilir”.
K.Əsədov dövlət attestasiyasının keçirilmə qaydalarını da açıqlayıb: “Dövlət attestasiyasının keçirilməsi formasını və şərtləri ali məktəbin elmi şurası müəyyənləşdirir və onların başlanmasına ən azı 4 ay qalmış tələbələrin nəzərinə çatdırır. Tələbələr imtahan proqramları ilə təmin olunur, hazırlaşmaq üçün onlara lazımi şərait yaradılır, məsləhətlər verilir. Əsas peşə təhsili proqramlarından biri üzrə tam təlim kursunu başa çatdırmış və tədris planında nəzərdə tutulan bütün əvvəlki attestasiya sınaqlarından müvəffəqiyyətlə keçmiş məzunlar istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarına və buraxılış işinin müdafiəsinə buraxılırlar. Buraxılış yekun imtahanlarının verilməsi və buraxılış işlərinin müdafiəsi imtahan komissiyasının açıq iclasda onun tərkibinin ən azı üçdə ikisi iştirak etdikdə keçirilir. Dövlət attestasiyasının nəticələrinə görə buraxılış işi üzrə attestasiya komissiyası məzunlarına ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilməsi barəsində qərarı fakültə elmi şurasında təsdiq olunur. Təhsil proqramının mənimsənilməsində xüsusi nailiyyətlər əldə etmiş, təhsil müddətində “yaxşı” qiymətlərinin sayı bütün qiymətlərinin sayının 25 %-dən çox olmamaqla, bütün imtahanlardan yalnız “yaxşı” və “əla”, buraxılış yekun dövlət attestasiya sınaqlarından isə yalnız “əla” qiymətlər almış məzunlara fərqlənmə diplomu verilir”.
Müsahibimiz deyir ki, pandemiya dövründə buraxılış işi və attestasiyaya görə müəyyən güzəştlər var idi. Hətta attestasiya imtahanları ləğv edildi, ümumi akademik ortalamaya görə qiymətlər avtomatik yazıldı: “Artıq pandemiya qadağaları yavaş-yavaş aradan götürülür. Yəqin ki, bu ildən həm buraxılış işi, həm də attestasiya imtahanı kifayət qədər ənənəvi keyfiyyətdə tətbiq olunacaq. Burada qeyd etdiyim kimi, ola bilsin ki, bəzi universitetlər fərqli tətbiqlər həyata keçirir. Amma əsasnaməyə görə son kurs tələbələrinin seçim sərbəstliyi var”.
Aytac Aslan