Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2022–2028-ci illər üzrə Dövlət Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsil almaq istəyən gənclərə növbəti qeydiyyat mərhələsi üçün qapılar açılıb. Bu proqram istedadlı, bilikli və vətəninə xidmət etməyə hazır gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almasına şərait yaradır.
Proqram haqqında əsas məlumatlar nələrdir? Qeydiyyat prosesi və seçim meyarları hansılardır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Aisa Aslanova bildirib ki, Dövlət Təqaüd Proqramının əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün prioritet sahələr üzrə ixtisaslaşmış kadr ehtiyatını təmin etməkdir. Bu proqramla dövlət, dünyanın aparıcı ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin təhsil, yaşayış və digər əsas xərclərini qarşılayır:
“2022–2028-ci illər üzrə Dövlət Təqaüd Proqramı”nın əsas məqsədi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Proqram gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq beynəlxalq səviyyəli bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır. Təhsillərini başa vurduqdan sonra bu gənclərin əldə etdikləri təcrübəni Azərbaycanda tətbiq etmələri, ölkənin inkişafına töhfə vermələri proqramın mühüm strateji hədəflərindən biridir. Beləliklə, proqram bir tərəfdən fərdi inkişaf imkanları yaradırsa, digər tərəfdən dövlətin insan kapitalını gücləndirir".
Ekspert əlavə edib ki, Dövlət Təqaüd Proqramı yalnız strateji əhəmiyyət daşıyan sahələr üzrə təhsili dəstəkləyir. Bu ixtisaslar Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin dayanıqlı inkişafı üçün prioritet sayılır. Hər il əmək bazarının tələbləri nəzərə alınaraq sahələr və ixtisas istiqamətləri yenilənə bilər:
"Bu ixtisaslar üzrə xaricdə təhsil alan tələbələr gələcəkdə Azərbaycanda ixtisaslı kadr çatışmazlığının qarşısını almaqda mühüm rol oynayacaqlar. Əgər bu sahələrdən biri üzrə marağınız və potensialınız varsa, bu proqram sizin üçün böyük fürsət yarada bilər".
Aisa Aslanova: Əgər tələbə istedadlı, məqsədyönlü və inkişaf yönümlü gənclərdəndirsə, bu fürsəti qaçırmamalıdır
Aisa Aslanova qeyd edib ki, Dövlət Təqaüd Proqramına müraciət etməzdən əvvəl namizədlərin bir sıra vacib məqamları bilməsi tövsiyə olunur. Bu, həm sənəd hazırlığında, həm də qəbul prosesində uğur qazanmaq üçün mühüm rol oynayır:
"İlk növbədə qeyd edilməlidir ki, proqram yalnız prioritet sahələr üzrə təhsili dəstəkləyir. Yəni hər hansı sahədə deyil, yalnız dövlətin müəyyən etdiyi ixtisaslar üzrə təhsil üçün təqaüd almaq mümkündür. Namizədin xarici universitetdən qəbul məktubu olması mütləqdir. Təqaüd yalnız artıq qəbul almış namizədlərə verilir. Dil biliyi əsas şərtlərdən biridir. Ən azı B2 səviyyəsində ingilis dili (və ya təhsil dili) biliyini təsdiq edən beynəlxalq sertifikat (IELTS, TOEFL və s.) tələb olunur. Akademik göstəricilər yüksək olmalıdır. Əvvəlki təhsil pilləsində orta müvəffəqiyyət göstəricisi (GPA) minimum 80 bal və ya 2.80/4.00 səviyyəsində olmalıdır. Motivasiya məktubu çox önəmlidir. Komissiya namizədin təhsil planlarını, gələcək məqsədlərini və vətənə töhfə verə biləcəyini bu məktub vasitəsilə qiymətləndirir. Təhsili başa vurduqdan sonra Azərbaycana qayıdış öhdəliyi var. Təqaüdlə təhsil alanlar məzun olduqdan sonra müəyyən müddət ərzində ölkədə işləməlidirlər. Bu, proqramın əsas prinsiplərindən biridir. Seçim çoxmərhələlidir. İlkin sənəd yoxlanışından sonra namizədlər müsahibəyə dəvət olunur. Müsahibədə akademik hazırlıq, şəxsi motivasiya və vətənpərvərlik mövqeyi qiymətləndirilir".
Son olaraq həmsöhbətimiz qeyd edib ki, 2022–2028-ci illər üzrə Dövlət Təqaüd Proqramı Azərbaycanın gələcəyinə sərmayədir. Bu proqram gənclərə dünyanın aparıcı ali təhsil müəssisələrində oxumaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaratmaqla yanaşı, ölkəyə faydalı kadr kimi qayıdıb xidmət etmələrini də hədəfləyir:
"Əgər tələbə istedadlı, məqsədyönlü və inkişaf yönümlü gənclərdəndirsə, bu fürsəti qaçırmamalıdır. Müraciət müddətini qaçırmadan, sənədlərini vaxtında və düzgün şəkildə təqdim edən tələbə gələcəyini qurmaq üçün ilk addımı atmış olacaq. Unutmamaq lazımdır ki, bu proqram yalnız təhsil fürsəti deyil, həm də məsuliyyətli gələcəyin başlanğıcıdır".
Əli Hüseynov