Xəbər verdiyimiz kimi, Əfqanıstanda Taliblar keçmiş zabiti edam edib. Demək olar, hər gün Talibandan bir insan tələfi xəbəri alırıq, ancaq dünya hələ də buna susur.
Mövzu ilə bağlı, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a danışıb:
Əlbəttə ki, Əfqanıstanda hələ də insanların irqinə, dininə və siyasi baxışlarına görə edam edilməsi 21-ci əsrdə vəhşiliyin bariz nümunəsidir. Əgər bu vəhşiliyə xarici ölkələr, siyasi güclər göz yumurlarsa, deməli, bu vəhşilikdə onların da payı kifayət qədər çoxdur. Təbii ki, taliblər hakimiyyətə gələndə onların kim olduğu və necə gəldikləri bilinirdi. Burda Amerika başda olmaqla, bir çox qərb ölkələrinin çox böyük günahı var.
Əfqanıstanda, təbii ki, 2000-ci illərdən başlayaraq Amerikanın başçılığı altındakı hərbi-siyasi koalisiyanın qeyri-effektiv şəkildə dırnaqarasında bəlli olmayan mübarizəsi bu gün kütləvi şəkildə insan təlafatına, hərc-mərcliyə və anarxiyaya gətirib çıxaran əsas amil oldu. Bundan sonra, çox güman ki, Əfqanıstanın xalq daxilində müxtəlif qruplar arasında müharibə ocağına çevrilmə ehtimalı var. Bunun qarşısında dünyanın, guya ki,ygg aciz olması 21-ci əsrdə bir çox hadisəyə qiymət vermiş olur. Bu qiymət ondan ibarətdir ki, 21-ci əsr olmasına baxmayaraq, dünya, güya ki, terrorçu qruplara qarşı zəifdir, mübarizə apara bilmir. Əslində isə, təbii ki, hər şey bu illər ərzində ssenariyə uyğun olaraq, Qərb koalisiyası tərəfindən həyata keçirilirdi. İndiki halda, edamlara, insanların vəhşicəsinə öldürülməsinə yol vermək olmaz. Bütün bu hadisələr təəssüf doğurmalıdır
Aytac Aslan
















