• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

COVID səhvləri dünya elitasının boğazına keçmiş ipdi - Ekspert

İQTİSADİYYAT

19 Iyul 2022 | 14:32

COVID səhvləri dünya elitasının boğazına keçmiş ipdi - Ekspert

“Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir. Dünyada getdicə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zənzirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər – bütün bunlar 2020-ci ildə Covid bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təzavüzü dünya iqtisadiyyatını dizüstə qoyub:

“Dünya dilemma ilə qarşı-qarşıya qalıb - ya kredit faizlərini (MB-ın uçot dərəcəsini artırmaq yolu ilə) artıraraq inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək. Görünən odur ki, Dünya ölkələri birinci yolu tutublar - əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq – bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq”.

N.Cəfərlinin sözlərinə görə, qəribəsi budur ki, hətta ikinci yol tutsalar belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə anti-elita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq:

“Yəni, COVID səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir. Hər hansı tərəfə çabaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır. 21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25% artıracaq – bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB faiz artımlarını davam etdirsə, fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etmiyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1%-i belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir. 27 iyul 2022-ci ildə isə ABŞ-da FED-in növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FED, bu dəfə ən az 0,75%, və ya hətta 1% uçot dərəcəsini artıra bilər – bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq”.

Ekspert bildirib ki, bir sözlə, dünya siyasi elitası COVID biabırçılığını və Rusiyanın aqressiyasını önləyə bilmədiyinə görə elə bir vəziyyət yaradıb ki, yuxarı tüpürürsən bığdı, aşağı tüpürürsən saqqal:

“Bu isə onu deməyə əsas verir ki, yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək. O ki qaldı bizim məmləkətə, biz bu dünyadan deyilik, neft-qaz baha, hökumətin kefi kök, xalq Tik-Tokda, dollar sabit - amma bilin və agah olun ki, məmləkətin normal, işlək, rəqabətli iqtisadi model qurmağa cəmi 6-7 il zamanı var. Hələ ki, 6-7 il neft-qaz baha olacaq, bu bizə 3-cü və sonuncu şans verir ki, işlək sistem qura bilək, bu şans da qaçsa ölkəmiz tarixin və dünyanın küncündə-bucağında qalacaq...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR