Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2025-ci il iyulun 10-da Əbu-Dabidə baş tutan görüş Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu görüş uzun illər beynəlxalq vasitəçilərin iştirakı ilə nəticəsiz qalan danışıqlardan fərqli olaraq, tərəflərin birbaşa iradəsi və məsuliyyəti əsasında irəliləyən, nəticə yönümlü formatın mümkünlüyünü ortaya qoyur. Görüşün artıq ilkin nəticələri də məlum olub. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin paraflanması kimi strateji məsələlərin müzakirəsi onu göstərir ki, artıq texniki detallardan siyasi qərarlara qədər bütün spektr ikitərəfli formatda həll edilməkdədir.
Əbu-Dabi görüşünü tarixi dönüş nöqtəsi adlandırmaq olar. Hər hansı vasitəçinin iştirakı olmadan baş tutan ikitərəfli təmas Azərbaycan tərəfinin illərdir irəli sürdüyü mövqeyin-sülhün regional çərçivədə, birbaşa və şəffaf dialoqla mümkün olmasının praktiki təsdiqidir.
Bu görüş həm də region dövlətlərinin öz talelərinə sahiblənmək iradəsini göstərir. Azərbaycan öz milli maraqlarını yalnız özünün müəyyən etdiyi siyasi trayektoriya üzrə təmin edir və vasitəçilərin manipulyativ təsirini kənarlaşdıraraq, prosesi suveren iradəsi ilə formalaşdırır. Bu, həm də Ermənistan üçün açıq mesajdır: danışıqlar masasındakı qeyri-səmimi oyunlar dövrü başa çatıb. İndi real siyasətin və qarşılıqlı məsuliyyətin zamanıdır.
Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, bu cür görüşlər regionda sülhün və sabitliyin bərqərar olunması baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi, suverenliyimizin və ərazi bütövlüyümüzün birmənalı şəkildə qorunması bu görüşdə bir daha nümayiş etdirildi:
"Cənab Prezidentin qətiyyətli və balanslaşdırılmış yanaşması həm bölgədə davamlı sülhün təmininə, həm də Ermənistanı real vəziyyəti qəbul etməyə vadar edən mühüm siyasi mesaj idi. Azərbaycan dövləti sülhə hazırdır, lakin heç bir halda suveren hüquqlarından geri çəkilmək niyyətində deyil. Sülh prosesinin sürətlənməsi üçün imkanlar var. Ermənistan sadəcə çalışmalıdır ki, bu imkanlardan istifadə etsin və prosesə müsbət töhfə versin”.
Ceyhun Məmmədov: Ermənistan üçün vəziyyətdən yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdır
Müsahibimiz vurğulayıb ki, Ermənistan sülh üçün real addımlar atmadığı üçün sazişin imzalanmasını yubadır. Deputat bütün hallarda belə görüş və danışıqların böyük əhəmiyyəti olduğunu qeyd edib:
“Gözləntimiz odur ki, İrəvan hökuməti real və doğru addımlar atacaq. Düzdür, hazırda Ermənistan daxilində ciddi hadisələr, qarşıdurma yaşanır. Kilsənin, müxalifətin hökumətə təsirləri var, kənar müdaxilələr var. Bütün bunların fonunda Azərbaycan Ermənistana sülh əlini uzadır və ümid edirik ki, İrəvan hökuməti nəhayət anlayacaq ki, Bakının tələbləri çərçivəsində sülh müqaviləsini imzalamaq lazımdır”.
“Ermənistan üçün vəziyyətdən yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə anlaşmaq, normal münasibətlər qurmaqdır. Bunun üçün çox yaxşı və geniş imkanlar var", - deyə Ceyhun Məmmədov əlavə edib.
Aydın Baxış