Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,94 % azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,05 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları) qeydə alınıb.
Bəs, Azərbaycan neftinin ucuzlaşmasının ölkə iqtisadiyyatına hansı təsirləri olacaq?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakıvaxtı.az-a açqlamasında bildirib ki, Azərbaycan dövlətitərəfindən qiymətlərdə dəyişikliklərin olduğu nəzərə alınır: “İstər Neft Fondu, istərsə də İqtisadiyyat Nazirliyi neftin qiymətində olan dəyişiklikləri nəzərə alır. Təbii ki, neftin qiymətinin yüksək olması daha çox layihə həyata keçirmək üçün bizə imkan verir. Qiymətlər aşağı düşəndə isə təbii olaraq layihələrin sayı azalır, keyfiyyəti dəyişir. Lakin buna baxmayaraq sosial layihələrdə heç bir dəyişiklik olmur, proqnozlar hamısı qeyd olunur. Əlbəttə ki, biz istərdik ki, neftin bir barelinin qiyməti dünya bazarında 80 dollar civarında olsun”.

Rüfət Quliyev qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi o demək deyil ki, problemlər yaranacaq: “Heç bir problemlər yoxdur. Balans illik proqnozlaşdırılıb. Üstəlik qeyd edim ki, dünya trendi də onu göstərir ki, bəşəriyyət artıq Koronavirusla yaşamağı bacarır. Baxın görün, qazın qiyməti Avropada yanvar ayından bu yana iki yüz iyirmi dollardan dörd yüz iyirmi, dörd yüz otuz dollara gəlib çıxıb. Asiya ölkələrində isə qazın qiyməti yeddi yüz dolları keçib. Ona görə də hesab edirəm ki, şiddətli dərəcədə də heç bir dəyişiklik olmayacaq”.
“Gözləyək görək, OPEK təşkilatı tərəfindən verilən son qərarlar nə olacaq?! Əgər bu qurum öz siyasətini tam həyata keçirə bilsə, qiymətlər yenidən bahalaşacaq. Yox, əgər bu saziş pozulsa və yaxud bir neçə ölkə bu qərarları həyata keçirməkdən imtina etsə, deməli müəyyən qədər, hardasa 20% qiymətlər aşağı düşəcək” - deyə deputat bildirib.
Nuranə Daxilqızı
















