• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əlcəzair-BƏƏ qarşıdurması böyüyür: İsrailin regional planı?

SİYASƏT

14 Sentyabr 2026 | 11:28 | Müəllif: Qalib İbrahimoğlu

Əlcəzair-BƏƏ qarşıdurması böyüyür: İsrailin regional planı?

“Əlcəzair ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaranmış gərginlik İsrailin təhriki və təsiri ilədir”.

Bunu siyasi şərhçi Tural İrfan Əlcəzairin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsməsini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Əlcəzair və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik böhran bir neçə ildir var. Lakin təxminən 2-3 il ərzində dərinləşərək açıq müstəviyə keçib və davam edir:

“Proses 2026-cı ilin sentyabr ayında münasibətlərin tam kəsilməsi ilə nəticələnib. Ölkələr Liviyada, Sudanda və Sahel bölgəsində fərqli qüvvələri dəstəkləyirlər. BƏƏ-nin Mərakeşlə yaxın münasibətləri və Qərbi Səhra məsələsində Rabatın mövqeyini dəstəkləməsi Əlcəzairin narazılığına səbəb olur. BƏƏ-nin İsraillə əlaqələri normallaşdırması, Əlcəzairin isə sərt şəkildə Fələstin tərəfini tutması və normallaşmaya qarşı çıxması əsas fikir ayrılıqlarındandır. Əlcəzair Əbu-Dabini ölkənin milli birliyini pozmağa və daxili işlərinə qarışmaqda ittiham edir”.

Tural İrfan: Ərəb, müsəlman ölkələri arasında normal münasibətlər davam edərsə, İsrail bölgəni işğal edə bilməz

Müsahibimiz qeyd edib ki, lakin bütün bunlara rəğmən birbaşa hərbi qarşıdurma hələ ki, gözlənilmir. İki ölkə coğrafi olaraq bir-birindən uzaqdır və birbaşa quru sərhədi yoxdur. Dediyinə görə, Əlcəzair səfiri ölkədən çıxarıb və hava məkanını BƏƏ təyyarələrinə bağlayıb. BƏƏ isə vəziyyətin müvəqqəti olmasına ümid etdiyini açıqlayıb.

T.İrfan hesab edir ki, hərbi toqquşma olmasa da, Afrika və Yaxın Şərqdəki regional böhranlarda, Mali, Sudan, Liviyada diplomatik və siyasi mübarizə davam edə bilər. Onun sözlərinə görə, bütün hallarda bu gərginliyin kökündə İsrail dayanır. Ərəb ölkələrini müxtəlif təziq və digər qeyri - leqal yollarla özünə təslim etməklə digərinin üzərinə qaldırır və bu cür münaqişələrin təməlini qoyur. Çünki ərəb, müsəlman ölkələri arasında normal münasibətlər davam edərsə İsrail bölgəni işğal edə bilməz.

“Odur ki, mümkün qədər çaxanşa, münaqişə və müharibə vəziyyətində saxlayır”, - deyə Tural İrfan əlavə edib.

Qeyd edək ki, Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsib. Bu ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

İki ölkə arasında diplomatik böhran bir neçə ildir ki, davam edir və geosiyasi gərginliklər fonunda kəskin şəkildə pozulur. Əlcəzair artıq Əbu-Dabini daxili işlərinə müdaxilə etməkdə və Əlcəzairin milli birliyini pozmağa cəhd etməkdə ittiham edir.

BƏƏ isə Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarının müvəqqəti olacağına ümid edir. BƏƏ iki ölkə xalqı arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin qorunmasını istədiyini bildirib. Nazirlik Əlcəzair xalqına hörmət etdiyini və iki ölkə arasında tarixi əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb. Bəyanatda qeyd olunub ki, BƏƏ bütün ölkələrlə münasibətlərin inkişafında maraqlıdır və qarşılıqlı əməkdaşlığın, anlaşmanın və ümumi maraqların gücləndirilməsini dəstəkləyir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026