Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanan ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /Report
14:40
Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovla bağlı qərar elan olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, ötən gün Bakı Apellyasiya Məhkəməsinə hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərarın elan olunması bu günə təxirə salınmışdı.
Vəkilləri Elçin Sadıqovun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəyir. Ötən gün keçirilən iclasda məlum olub ki, o, həbs olunduğu gündən (11 sentyabr) aclığa başlayıb. Müdafiəçilərinin bildirdiyinə görə, E.Sadıqov yalnız su qəbul edir, yemək yemədiyi üçün bir qədər çəki itirib.
Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.
E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur. /Qafqazinfo
















