• Bakı 19° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Elmar Məmmədyarov: "Ömürlük nazir qala bilməzdim" - MÜSAHİBƏ

MÜSAHİBƏ

08 Fevral 2024 | 16:32

Elmar Məmmədyarov: Ömürlük nazir qala bilməzdim - MÜSAHİBƏ

“Düzünü deyək” rubrikamızın budəfəki müsahibi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdur.

Bakıvaxtı.az söhbəti təqdim edir.

- Elmar müəllim, dünən - fevralın 7-də Azərbaycanda çox əlamətdar bir hadisə-seçki prosesi baş tutdu. İlkin nəticələrə görə 92,1 faiz səslə Prezident İlham Əliyev digər namizədləri üstələdi. Növbədənkənar seçki prosesini necə dəyərləndirirsiniz?

- Bu prosesi yüksək qiymətləndirirəm. Cənab prezidentin qalib gələcəyinə şübhə yox idi. Biz fəxr edirik ki, Ali Baş Komandan işğaldakı doğma torpaqlarımızı azad edərək öz hüquqi varislərinə qovuşdurdu. Bu mənada seçkinin nəticələrini alqışlayıram.

- Səsvermədə iştirak etdinizmi?

- İştirak etdim.

- Hansı namizədə səs verdiniz?

- Cənab prezidentə...

- Elmar müəllim, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan əleyhinə sənəd qəbul etdi. Sizcə, bu, nədən qaynaqlanır, AŞPA nə istəyir?

- Bu sənədə səs verən deputatlara diqqət etsək, səbəbi aydın görmək olar. Fransa, Almaniya və Hollandiyadan olan deputatlar Azərbaycanın qələbəsi, torpaqlarımızı azad etməyimiz, uğurlu diplomatiyamız və ölkəmizdə gedən inkişafa qısqanclıqla yanaşırlar. Onlar Azərbaycanı sıxışdırmağa çalışırlar, amma bu istəkləri nəticəsiz qalacaq. Sözügedən sənədin qəbulu arzuolunmazdır, amma faciə deyil. Qətnamənin ən maraqlı bəndi sonuncu bənddir. Sonuncu bənddə qeyd olunur ki, Azərbaycanı üzvlükdən çıxarmırıq, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini 1 il müddətinə dondururuq. Biz buna soyuqqanlı yanaşmalıyıq.

- Seçkilərdən sonra ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında yeni mərhələnin başladılacağı gözlənilir. Sizcə “yeni mərhələ paketi”ndə nələr ola bilər?

- İlk mərhələdə, Azərbaycanın qaçqın və məcburi köçkünləri doğma torpaqlarına qayıtmalıdırlar. İkincisi, iqtisadiyyatımızı gücləndirməliyik. Azad olunan ərazilərə böyük sərmayələr qoyulmalıdır. İndiki dövr Azərbaycan üçün tarixi bir fürsətdir.

- Yaxın Şərqdəki savaş, Rusiya-Ukrayna müharibəsi və Qırmızı dənizdə baş verən proseslərdən sonra Üçüncü dünya savaşı ilə bağlı da müəyyən siqnallar ötürülür. Hətta Ukrayna prezidenti Vladimir Zelenski dünyaya belə bir çağırış edib ki, Rusiya dayandırılmasa, Ukrayna böyük təhlükə ilə üzləşər və Üçüncü dünya müharibəsi qaçılmaz olar.

- Üçüncü dünya müharibəsi artıq gedir. Yaxın Şərqdə, Rusiya-Ukrayna arasında və digər ərazilərdə sivilizasiya toqquşmaları baş verir. Belə bir məqamda Azərbaycan həm regionda, həm də dünyada gedən prosesləri soyuqqanlı şəkildə izləməlidir.

- Elmar müəllim, bir az sizin indiki fəaliyyətinizdən söz açaq. Uzun illər nazir postunda çalışmısınız. Kifayət qədər gərgin iş qrafiki ilə çalışmısınız, indi isə işsizsiniz. Bu hal sizə necə təsir göstərir?

- İndi istirahət zamanıdır. Düzgün qeyd edirsiniz, zamanında gərgin çalışmışam, indi də dincəlirəm. Bilirsiniz ki, kitab yazıram, bu yaxınlarda yekunlaşdıracağam.

- Kitab nədən bəhs edir?

- Nazir olarkən etdiyim bütün çıxışları bir araya toplamışam, 4 min səhifəlik kitab alınıb. Onun üzərində işləyirəm. 4 min səhifəlik kitab üçün bir neçə cild lazımdır. Ona görə də oturub “qayçılayıram”.

- Hansı dildə dərc olunacaq?

- Çıxışı hansı dildə etmişəmsə, müsahibələri hansı dildə vermişəmsə, olduğu kimi dərc olunacaq. İngilis, rus, Azərbaycan dillərində olan çıxışlar, müsahibələrdir. İndi onun üzərində işləyirəm.

- Bilirik ki, siz həm regional, həm də beynəlxalq “siyasi emalatxana”ya yaxşı bələdsiniz. Ölkəmizin aidiyyəti dövlət qurumları bəzi siyasi məsələlərlə bağlı sizin mövqeyinizi öyrənirmi?

- Birincisi, mən ömürlük nazir qala bilməzdim və bu, düzgün də deyil. Hazırda mənə gün ərzində 5-6 jurnalist zəng edib, münasibətimi, mövqeyimi öyrənir. Bu, mənim üçün xoşdur. İmkan çərçivəsində şərhlər də verirəm. Görünür, fikirlərimə maraq var, maraq olmasa idi, jurnalistlər zəng etməzdilər.

- Məmurların fikirlərini ana dilimizdə doğru-düzgün ifadə edə bilməmələri və Azərbaycanda rusdilli məktəblərin sayının çoxluğu daim müzakirə predmetidir. Bu məsələlərə sizin baxış bucağınız maraqlıdır...

- Mən 1983-cü ildən Xarici İşlər Nazirliyinin siyasi sistemindəyəm. Sovet dövründə hansısa diplomat ərəb dili bilirdisə, onun maaşına 20 faiz artım edilirdi. İngilis və fransız dili bilənlərin əmək haqqına 10 faiz artım edilirdi. Bunu stimul olaraq edirdilər ki, diplomatlar xarici dil öyrənməkdə maraqlı olsunlar. Mən nazir olarkən həmişə bildirirdim ki, diplomatlar əlavə xarici dillər bilməlidirlər. Bir diplomat 4 xarici dil bilirsə, elə bil, o, 4 nəfər diplomat deməkdir.

Ayyət Əhməd


SON XƏBƏRLƏR