Gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər.
Xatırladaq ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib.
Əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.
Bu ilin fevral ayından əmanətlərdən gəlir üzrə Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən 10% vergi tutulacaq.
Maliyyə mütəxəssisi Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, o zaman ölkədə maliyyə böhranı, manata ciddi inamsızlığın olduğu dövrdə əmanət faizlərinin vergidən azad edilməsi üçün qanuna dəyişiklik edildi və bununla da manatla depozitin gəlirliliyi artırıldı.
“Əmanət yerləşdirməyə görə qazanılmış faizin ödəmə mənbəyindən 10 faiz vergiyə cəlb edilməsi əsaslandırılmış, hesablanmış faizdir. Bu faizin artırılması məqsədəuyğun deyil. Enerji qiymətlərinin yüksək olması manata olan etibarı qoruyub saxlayır. Son zamanlar əhali manatla investisiyanı daha rahat edirlər. Vergi dərəcəsi artsa, manatın cəlbediciliyi aşağı düşəcək.
Əmanətlərdən vergi faizi 0 faizdən 10 faizə artır. Əmanətçinin gəlirliliyi aşağı düşür. İndi faizi daha çox artırmaq insanların maliyyə resurslarının banka yatırmamaq problemini ortaya çıxara bilər”.
Ramid İbrahimov
















