“Bəzi ölkələrdə alternativ və qarışıq hərbi xidmət növləri var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, bizdə ordunun bir hissəsi artıq müqavilə əsaslı orduya keçib:
“Orduda təsərrüfat məsələləri və digər məsələlər artıq mülki şəxslər tərəfindən həyata keçirilir, onlar kifayət qədər əməkhaqqı alır. Digər tərəfdən, Ordumuza çox müasir texnikalar alınır, onu yeni hərbi xidmətə gələn gəncə əmanət etmək olmaz. Yəni bu texnikanın idarə olunması üçün yetişmiş, savadlı kadrlar olmalıdır. Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır”.
Deputat qeyd edib ki, bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur:
“Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir”.
Aytac Aslan
















