Azərbaycanda erkən nikahların sayı artmaqdadır. Məktəblərdən yayındırılan qız uşaqlarının erkən nikaha sövq edilməsi istiqamətində maarifləndirmə işləri aparılsa da, cəmiyyətdə baş verən hadisələr atılan addımların kifayət qədər olmadığını göstərir.
Bakıvaxtı.az xəbər verir ki, hələlik sonuncu sayılan belə hadisə Sabirabad rayonunda qeydə alınıb. Belə ki, rayonun Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, 1-2 həftəyə də oğlan toyu olacaq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb: “Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.
Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
Əksəriyyət hesab edir ki, şadlıq saraylarında nikah şəadətnamələrinin tələb olunması erkən nihakların qarşısın alınmasında həlledici rol oynaya bilər. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, erkən nikahların qarşısını almaq üçün şadlıq saraylarının qarşısına öhdəliklər qoymaq olmaz: “Dövlət qurumlarının hər birinin nikahlardan xəbəri olur və istənilən vaxt qarşısını ala bilərlər. Müştəridir, gəlir hansısa adla tədbir keçirir. Şadlıq sarayının rəhbəri müştəriyə “gəlmə” deyə bilməz. Heç toy adı ilə deyil, ad günü adı ilə də toy şənliyini yola verə bilərlər. Yəni, şadlıq sarayının rəhbərliyi müştəri ilə dava edə bilməz”.
Onun sözlərinə görə, dövlət qurumları isə məlumat alan kimi erkən nikahların qarşısını ala bilirlər. Deputat bildirib ki, eyni zamanda, erkən nikaha rəvac verən valideynlər də cəzalandırılmalıdır.
F.Mustafa deyir ki, əgər erkən nikaha yönələn uşaqlara görə məktəblər cəzalandırılırsa, valideynlərə daha ağır cəza tətbiq olunmalıdır: “Bu istiqamətdə təbliğat aparılmalı, insanlara çatacaq qədər fikirlər səsləndirilməlidir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanova isə Bakıvaxtı.az-a bildirib ki, erkən nikahların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır: “Yerlərdə olan bələdiyyə, icra orqanları ailələrin, əhalinin sayını bilir. Bələdiyyələr bilir ki, kənddə kimlər yaşayır, ondan məlumatlıdılar. Hadisənin baş verməsi ilə bağlı məktəblər, bələdiyyələr, icra nümayəndələri, sahə müvəkkilləri hər şeydən xəbərdar olur”.
Komitə sədrinin müavini deyib ki, hadisə baş verməmiş ailə ilə görüşməli, onun qarşısı alınmalıdır: “Toy olandan sonra problemin qarşısını almaq həll yolu deyil”.
Nuranə Daxilqızı
















