• Bakı 20° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Erməni terrorçulara hökm oxundu

GÜNDƏM

02 Iyul 2021 | 21:24

Erməni terrorçulara hökm oxundu

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərdən Manukyan Jora Vanoeviç ifadə verib.

O ifadəsində bildirib ki, ötən il noyabrında ayında hərbi komisarlığından ona çağırış vəriqəsi göndəriblər:

"Hərbi komisarlığa getmişəm. Orada silah və 120 ədəd patronla təmin olundum. Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. Avtobuslarla yola düşdük. Gecə bir yerə çatdıq. Orada gecələdik. Səhər açılanda həmin yerin Laçın olduğunu bildik. Daha sonra rus sülhməramlıların yanından keçdik. 40 dəqiqə yol getdikdən sonra dağın yanında düşdük. Oradan piyada dağa qalxdıq. Bizim komandirimiz Arsen Kazaryan idi. O bizi bir müddət sonra gəlib burdan götürəcəyini dedi. Dekabrın 13-də əmr gəldi ki, aşağı düşün. Biz düşəndə Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı onlara verərək təslim olduq. Bizim oranın Azərbaycan torpağı olduğumuzdan xəbərimiz olmayıb. Bakıya gələndə bizə dedilər ki, ora Azərbaycandır".

Daha sonra ifadə verən təqsirləndirilən David Stepanyan bildirib ki, sentyabrın 27-də ona hərbi komisarlıqdan çağırış gəlib:

"Məndə ora getdim. Qeydiyyata aldılar, dedilər ki, səni hər zaman çağıra bilərik. Noyabrın 27-də zəng etdilər, Ermənistan sərhədinə getmək lazım olduğu bildirdilər. Bu səbəbdən mən də hərbi hissəyə gəldim. Həmin gün hərbi hissədən çıxdıq birbaşa Laçın şəhərinə gəldik. Müdafiə Nazirliyinə aid olan iki "Ural" maşınları ilə şəhərdən çıxdıq. Təxminən 15 dəqiqə asfalt yolla getdik. Torpaq yolda rus sülhməramlıları ilə rastlaşdıq. Onlarla 5 dəqiqə söhbət edəndən sonra posta qalxdıq. Azərbaycan əsgərləri yaxınlaşdıqda onlara atəş açmamaq, onlar barəsində rəhbərliyə məlumat vermək göstərişi verilib. Dekabrın 13-də əmr gəldi ki, postdan aşağı düşək. Aşağı düşəndə Azərbaycan əsgərləri ilə rastlaşdıq".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, noyabrın 27-də Laçına gəliblər, orada olduğu müddətdə komandirləri deyiblər ki, Laçını Azərbaycan tərəfə təhvil verəcəklər:

"Belə görünür ki, biz Laçını Azərbaycana təhvil verməyə gəlmişdik".

Təqsirləndirilən şəxs bildirib ki, 2015-2016-cı illər ərzində Mardakertdə hərbi xidmət keçib. Onun sözlərinə görə, rus sülhməramlıları ilə Laçın rayonunda da görüşüblər:

"Bizim komandirlər onlarla danışıb. Amma onların nə danışdəqları mənə məlum olmayıb".

Digər təqsirləndirilən Tosunyan Levan Aşotoviçdeyib ki, müharibə başlayanda ona çağırış vərəqəsi gəlib:

"Oktyabrın 3-də Cəbrayıla yola düşdük. 13-14 gün orada növbə çəkdik, sonra geri çəkildik. Qayıdandan sonra mən müharibəyə getməkdən imtina etdim, xidmətdən boyun qaçırdım. Noyabrın 10-da müharibə başa çatandan sonra hərbi hissəyə gəldim. Bizə dedilər ki, lazım olanda mənbəyə getmək lazım olsa, çağırılacağıq. Noyabrın 26-da xəbər gəldi ki, cəbhədə növbə çəkmək lazımdır. Bizi gecə ilə apardılar bir şəhərə. Oranın hara olduğunu bilmədim. Səhər açılanda isə oranın Laçın şəhəri olduğunu bildim. Noyabrın 27-dı yenidən çağırışa gedəndə həyatı təhlükə üçün qorxum olmayıb. Çünki bilirdim ki, artıq müharibə bitib. Amma müharibə dövründə həyatı təhlükə olduğunu bilmişəm".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, komandirləri Arsen Kazariyan rus sülhməramlıları ilə danışıb, onların söhbətindən xəbərsiz olub:

"Laçın dekabrın 1-də Azərbaycana təhvil verdilər. O vaxta kimi bilirdim ki, Laçın Qarabağın ərazisidir, bunu bizə belə izah ediblər".

Onun sözlərinə görə, müharibədən əvvəl Qarabağda olub və orada kilsənin ziyarət edib:

"Hansı şəhərdə olduğunu bilməmişəm. Həmin dövr 2016-2017-ci illərə təsafüf edib".

Daha sonra ifadə verən Martin Aqramanyan deyib ki, Azərbaycan ordusunun hərbiçilərinə təşəkkür edirəm:

"Çünki onlar bizə yemək verdilər, yaxşı münasibət göstərdilər. Nikol Paşinyanın noyabrın 10-da müharibənin bitməsi ilə bağlı müqavilə bağlamasından xəbərim olub. Biz bəyanatın bəndlərindın xəbərimiz olmayıb. Biz tək onu bilirdik ki, bu müqavilə əsasında tərəflərin bir-birinə atəş açmaması olub. Bizə başqa heç nə deyilməyib".

Təqsirləndirilən Artur Baqdasaryan ifadəsində deyib ki, 10 noyabrda imzalanan bəyanamanın bəndələrindən xəbəri olmayıb. Deyib ki, yalnız torpaqları geri təhvil berəcəkırəini biliblər, amma detallarıından xəbəri olmayıb.

Proses günün ikinci yarısında davam edəcək.

***

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində iki nəfər dindirilib.

Prosesdə daha sonra sənədlərin tədqiqi mərhələsinə keçirilib və onlar elan edilib.

Məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi başa çatıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR