Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
***
00:37
Qanunsuz erməni silahlı qruplaşmasının açdığı atəş nəticəsində Ağdamda bir nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, hadisə dekabrın 29-da Ağdamın işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində qeydə alınıb.
Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.
Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Onun həyati təhlükəsinin olmadığı bildirilib.
A.Rəhimlinin "Bakcell" MMC-nin əməkdaşıd olduğu deyilir.


















