Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsinin qəbul edilməsini çox ehtimal edir.
Bu barədə Bakıvaxtı.az erməni mediasına istinadən məlumat verir.
"Vətəndaş cəmiyyətinin təşəbbüsü var idi, hökumətimiz bu qanun layihəsini təsdiqlədi və parlamentimizin də onu qəbul edəcəyi ehtimalı yüksəkdir. Bu o deməkdir ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq", - deyə Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində bildirib.
Bundan əlavə, o, Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların tezliklə başa çatacağına və müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.
Məlumat üçün bildirək ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına üzvlüyü haqqında qanun layihəsini təsdiqləyib. Paşinyanın bildirdiyinə görə, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.