• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistanın mina xəritələri istifadə üçün yararsızdır - AÇIQLAMA

CƏMİYYƏT

30 May 2024 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın mina xəritələri istifadə üçün yararsızdır - AÇIQLAMA

"Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib".

Bakıvaxtı.az-ın məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısının müraciətində qeyd olunub ki, müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb:

"Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir".

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, beynəlxalq hüquqda, konvensiyalarda minaların təmizlənməsi və bu prosesdə iştirak necə olmalıdır məsələsi öz əksini tapıb.

Ekspert bildirib ki, minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi onların istehsalı və basdırılmasından on qat daha baha başa gəlir:

"Bu proses çox zaman, vəsait və profesionallıq tələb edir. Beynəlxalq konvensiyada münaqişə bitdikdən sonra tərəflərin müəyyən əraziləri minalardan təmizləyərək qarşı tərəfə təhvil verməsi barədə xüsusi bənd var. Ancaq buna baxmayaraq, Ermənistan doğru-düzgün mina xəritələrini belə Azərbaycana təqdim etməyib. Verdiyi xəritələrində sadəcə 20-25 faizi həqiqəti əks etdirib. Ermənistan yalan xəritələr verməklə həm dünya ictimaiyyətini aldadırdı, həm də mina xəritələrinin qarşılığında erməni hərbçilərini geri qaytaran Azərbaycanın humanistliyindən sui-istifadə edirdi”.

Onun sözlərinə görə, əlbəttə, belə şəraitdə Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini uydurma mina xəritələrinin öhdəliyinə buraxa bilməz. Çünki erməni tərəfinin verdiyi xəritələr istifadə üçün yararlı deyil:

“Göründüyü kimi hələ də Azərbaycan-Ermənistan münasibətlərinin gərgin qalmasında maraqlı qüvvələr var. Sülh müqaviləsi bağlansa belə vətəndaşlarımızın yaralanmasına, həyatını itirməsinə səbəb olacaq mina partlayışları xalqımızın ermənilərə olan nifrətini saxlayacaq. Yəqin ki, həqiqi mina xəritələrinin də verilməməsi buna hesablanıb. Maraqlı qüvvələr iki ölkənin münasibətlərinin normallaşmasını istəmirlər".

Şair Ramaldanov: Sülh müqaviləsi imzalansa belə böyük ərazilərdə mina təhlükəsi davam edəcək

Ş.Ramaldanov vurğulayıb ki, beynəlxalq qurumlar hər zaman olduğu kimi Azərbaycanla bağlı məsələyə ikili standartlarla yanaşırlar:

"Hüquqi sənədlərin böyük ölkələrin öz maraqlarına xidmət etdiyini görürük. Bölgədə sülh istəməyən dairələr Ermənistandan mina xəritələrinin verilməsini tələb etmirlər. İrəvana lazımi təzyiq göstərilmir. Əvəzində Fransa kimi ölkələr Ermənistanı silahlandırır. Düşünürəm ki, sülh müqaviləsi imzalansa belə böyük ərazilərdə mina təhlükəsi davam edəcək. Təəssüflər olsun ki, minalar gələcəkdə bizim vətəndaşlarımızın sağlamlığına təhdid kimi qalacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026