Son illərdə şəxsi vəsaətlərin idarə olunmasında dəyişiklik müşahidə olunur. Əgər əvvəllər imkanlı təbəqə sabit gəlir əldə etmək üçün pullarını əsasən bank depozitlərində saxlamağa üstünlük verirdisə, bu gün diqqətin daha çox daşınmaz əmlak bazarına yönəldiyi görünür.
Bank əmanətləri dövlət tərəfindən sığortalanma mexanizmi ilə cəlbediciliyini qorusa da, inflyasiya təzyiqləri və depozit faizlərinin dəyişkənliyi mənfəətliliyi sual altına qoyur. Digər tərəfdən, ev və ya kommersiya obyektlərinin alınması həm əmlakın dəyər qazanması, həm də aylıq icarə haqqı vasitəsilə sabit gəlir vəd edir.
Bəs mövcud iqtisadi reallıqlarda vətəndaş üçün hansı seçim daha sərfəlidir: risklərdən qorunan, lakin inflyasiya qarşısında həssas olan bank depoziti, yoxsa uzunmüddətli dəyər artımı və icarə gəliri vəd edən daşınmaz əmlak investisiyası?
Natiq Cəfərli: Ev alqı-satqısında da ciddi yüksəliş yoxdur, çünki...
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində ev alqı-satqısında da ciddi yüksəlişin olduğu görünmür, çünki daşınmaz əmlakın qiymətində artım var.
Onun sözlərinə görə, əlində müəyyən vəsait olan vətəndaşlar üçün banka 10 faizlə depozit qoymaq və gəlir əldə etmək heç də az cəlbedici deyil:
“Çünki daşınmaz əmlakın qiymətinin 10 faizi civarında illik gəlir əldə etmək çətin olur. Məsələn, bir vətəndaş 200 min manata ev alsa, bu məbləğin 10 faizi 20 min edir. Yəni 20 min qazanc əldə etmək üçün 200 min manatlıq evi ən azından aylıq 2000 manata kirayəyə vermək lazımdır ki, vergilərini ödədikdən sonra bir ilə həmin məbləği qazana bilsin. Bu o qədər də asan məsələ deyil. 2 min manata kirayənişin tapmaq çox çətindir”.
Müsahibimiz qeyd edib ki, düzdür, ucuz kirayələrdə bu, olur. Məsələn, şəhər kənarında tələbələr üçün 500-700 manat civarında kirayə evlər daha çoxdur. Dediyinə görə, o baxımdan, belə yerlərdə 100 minə alınan evləri kirayə vermək əlverişli ola bilər.
“Amma bu, bank depozitlərindən gələn gəlirlərlə ya eyni olur, ya da ondan aşağı olur. Məncə, bu məsələ araşdırma mövzusudur, əlimizdə bununla bağlı dəqiq statistika yoxdur”, - dey Natiq Cəfərli əlavə edib.
Ramil Osmanlı: Ev almaq əvəzinə pulu banka qoyduqda isə...
Əmlak məsələləri üzrə eksper Ramil Osmanlı da Bakıvaxtı.az-a açıqlamasında deyib ki, aparılan tədqiqatlar göstərir ki, kirayə mənzil bazarındakı qiymət artımları digər seqmentləri üstələyir:
“Bu da kirayə mənzil bazarı üzrə tələbin yüksək olması, təklif portfelinin isə ilbəil azalması, daralması və təklif portfelində ucuz mənzillərin çox sürətli şəkildə daha bahalı və yeni mənzillərlə əvəz olunması ilə bağlıdır”.
Araşdırmalar göstərir ki, hazırda paytaxtın köhnə tikililərində bir otaqlı mənzillərin qiyməti orta hesabla 100 min manat təşkil edir. Onların aylıq kirayə qiyməti isə orta hesabla 300-400 manatdır. Bu da onu göstərir ki, belə mənzillərin alınaraq kirayə verilməsi ilə illik gəlir 3600-4800 manat arasında dəyişir”.
Ekspert bildirib ki, ev almaq əvəzinə pulu banka qoyduqda isə hazırda illik 9-10 faiz əmanət yerləşdirmək imkanının olduğunu nəzərə aldıqda, bu, illik 9-10000 manat arası faiz gəliri deməkdir:
“Lakin bu məsələdə evlərin qiymətinin bahalaşması da nəzərə alınmalıdır. Rəsmi statistikaya görə, son illərdə evlərin qiymətində orta hesabla 10-13 faiz bahalaşma qeydə alınır”.
Aydın Baxış
Bakı 



