Senator Bob Menendezin Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməsindən sonra Türkiyənin F-16 qırıcı təyyarələri almaq şansı artıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, F-16 ilə bağlı ən vacib məsələlərdən biri ABŞ senatoru Bob Menendezin Türkiyəyə qarşı fəaliyyəti idi.
Qeyd edək ki, ermənipərəst senator Menendez Türkiyəyə qırıcı təyyarələrin satışının açıq əleyhdarı idi. O, rüşvət ittihamına görə vəzifəsindən müvəqqəti istefa verib.
Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, senator Bob Menendez Demokrat Partiyasında, ümumiyyətlə ABŞ-ın qanunvericilik orqanlarında anti-Türkiyə qrupları təmsil edən və onların önündə dayanan şəxslərdən idi.
Ekspertə görə, B.Menendezin Senatın olduqca mühüm komitənin sədrliyindən uzaqlaşdırılması ondan xəbər verir ki, anti-Türkiyə dairələrin rolu zəifləməkdədir: "Bob Menendezin Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılması Türkiyəyə müəyyən imkanlar qazandıra bilər. Bu, həm F16 hərbi təyyarələrinin Türkiyəyə verilməsinə, həm də ABŞ-Türkiyə arasında gələcək layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Ancaq Türkiyənin Amerikadan istədiklərini ala bilməsi üçün təkcə Menendezin neytrallaşdırılması kifayət etmir”.
Onun sözlərinə görə, F16 məsələsində bir çox amillər var: “Nəzərə alaq ki, Bob Menendez anti-Türkiyə lobbisinin vacib elementi idi. Lakin ABŞ Senatında anti-Türkiyə korpusu təxminən 100 nəfərdən ibarətdir. Menendezi əvəzləyəcək şəxsin də anti-Türkiyə mövqeyində olan şəxs olacağı istisna edilmir. Əgər belə olarsa, F16 məsələsi yenə həll olunmamış qalar”.

İlqar Vəlizdə: Menendez kimi adamların mühüm postlarından uzaqlaşdırılması Türkiyə üçün müsbət hadisədir
Müsahibimiz qeyd edib ki, hadisələrin gedişatı bu problemlərə aydınlıq gətirəcək. İstənilən halda Menendez kimi adamların qanunverici orqanın mühüm postlarından uzaqlaşdırılması Türkiyə üçün müsbət hadisədir.
“Ümid edirik, Türkiyənin maraqlarını müdafiə edən qüvvələr daha aktiv formada fəaliyyət göstərəcəklər və növbəti Menendez faktoru ilə üzləşməyəcəklər", - deyə İlqar Vəlizadə əlavə edib.
Aydın Baxış
















