FIFA 2025/2026 mövsümündə futbolda 4 yeni qayda tətbiq etməyi planlaşdırır.
Bakıvaxtı.az “Sport.es”ə istinadən xəbər verir ki, martın 1-də Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasında yeni qaydaların tətbiqi müzakirə olunacaq.
İlk mümkün dəyişiklik ofsayd qaydalarına dair "Venger qanunu"dur. İdeya 2021-ci ildə tanınmış mütəxəssis Arsen Venger tərəfindən irəli sürülüb və dəyişikliklər 2024/2025 mövsümündə qüvvəyə minə bilərdi. Qaydanın mahiyyəti ondan ibarətdir ki, futbolçu yalnız bütün bədəni sonuncu müdafiəçinin arxasında olarsa, ofsayd qeydə alınsın. Bu o deməkdir ki, bir neçə millimetrlik fərq artıq cərimə zərbəsi təyin etmək üçün əsas olmayacaq.
İkinci təşəbbüs hakimlə azarkeşlər arasında ünsiyyətlə bağlıdır. İdeya ondan ibarətdir ki, matç zamanı hakim qəbul edilən qərarları mikrofon vasitəsilə bütün stadiona elan edəcək. Oxşar təcrübə artıq 2024-cü il Olimpiya Oyunlarında və 2023-cü il qadınlararası dünya çempionatında sınaqdan keçirilib.
Üçüncü təklif hokkey və basketbolda olduğu kimi, məşqçi çağırışının tətbiq edilməsidir. Hər komandanın məşqçisi qayda pozuntusunu müəyyən etmək və ya hakimin qərarına etiraz etmək üçün videotəkrar tələb etmək hüququna malikdir.
Nəzərə alınan son məqam saniyəölçən dayanmasının tətbiqidir. Əsas məqsəd faktiki oyun vaxtına diqqət yetirməkdir. Bu təcrübə hokkey və basketbol matçlarında da mövcuddur.