Dünya üzrə turizm istiqamətləri 2025-ci ildə bərpadan artıma keçəcək, ümumi beynəlxalq səfərlərin sayı isə pandemiyadan əvvəlki 2019-cu ilin səviyyəsi ilə müqayisədə 12,4 % artacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin törəmə şirkəti olan “Fitch Solutions”ın hesabatında deyilir.
“Fitch Solutions” hesab edir ki, viza prosedurlarının rəqəmsallaşdırılması və süni intellekt əsasında həllərinin tətbiqi turizmin təşviqində mühüm amillər olacaq, çünki bazarlar pandemiyadan əvvəlki səviyyələrdən sonrasına baxırlar. Bu texnologiyalar həm qısa, həm də uzunmüddətli perspektivdə gələnlərin sayını artırmağa kömək edəcək. Viza müraciəti prosesinin sadələşdirilməsi səyahətləri daha əlçatan edəcək, həm ənənəvi, həm də yeni əsas bazarlardan turistləri cəlb edəcək.
“Fitch Solutions” şirkətinin məlumatına görə, elektron vizalar artıq ərizələrin baxılmasını sürətləndirmək, vizaların verilməsi vaxtlarını və növbələri azaltmaq, səyahət edənlərin qalma müddətini artırmaqla öz effektivliyini sübut edib.
“2025-ci ildə biz səmərəliliyi daha da artırmaq və gələnlərin sayının artmasına kömək edəcək imkanlar yaratmaq üçün viza müraciət sistemlərində daha çox süni intellektin tətbiqini gözləyirik. Süni intellekt vizadan imtina saylarını azaldacaq, məlumatların əlyetərliliyi isə marketinq kampaniylarını sürətləndirəcək və turizmin təşviqi strategiyalarını gücləndirəcək. Bu texnologiyalar həm də fırıldaqçılığı aşkar edərək təhlükəsizliyi artıracaq”, - hesabatda deyilir.
Ümumiyyətlə, 2024-cü ildə dünya üzrə elektron viza sxemlərinin tətbiqinin sürətləndirilməsi və inkişafı müşahidə edilib. Bu isə növbələri azaldıb və müraciət prosesini sadələşdirib, nəticədə pandemiyadan sonra bərpa olunmağa və beynəlxalq gəlişləri artırmağa çalışan bazarlar üçün münasib şərait yaradıb. Beləliklə, vizaların rəqəmsallaşdırılması və süni intellekt həlləri qlobal turizm strategiyasının ayrılmaz hissəsinə çevrilir və sektorun davamlı artımına töhfə verir.