• Bakı 20° C

    11.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 0.0177

Formula 1-ə görə ictimai nəqliyyatda güzəşt olacaq? - RƏSMİ

CƏMİYYƏT

09 Sentyabr 2024 | 14:55

Formula 1-ə görə ictimai nəqliyyatda güzəşt olacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, 13-15 sentyabrda ölkəmizdə keçiriləcək Formula 1 ilə əlaqədar Bakı şəhərinin bəzi hissələrində yollar bağlanıb və avtobusların hərəkət istiqamətləri dəyişdirilib. Bu isə bəzi vətəndaşların narazılığına səbəb olub.

Belə ki, əvvəllər 1 avtobusla gedəcəkləri ünvana çatanlar indi həmin ünvana getmək üçün 2, bəzən isə 3 avtobus dəyişirlər. Bu isə bəlli olduğu kimi büdcəyə zərər verir.

Elə vətəndaşların Bakıvaxtı.az-ın redaksiyasına etdiyi şikayətlərdə də bu, əksini tapıb.

20-ci sahədə yaşayan əczacı Laləzar Əhmədova Bakıvaxtı.az-a bildirib ki, iş yeri “İnqilab”da yerləşir:

“Həmişə işə 88 nömrəli avtobusla gedib-gəlirəm. Gündəlik 1 manat yolpulum çıxır. Amma indi Formula 1-lə əlaqədar 3 nəqliyyat dəyişməli olacağam. Burdan (20-ci sahənu nəzərdə tutur – red.) Funiklyorun qarşısına bir avtobusla gedəcəm. Ordan piyada “İçərişəhər”ə qalxıb “28”-ə metroyla, daha sonra Milli Bankın yanından 88-ə minəcəm. Demək, təkcə gedişim 1 manat 50 qəpik edəcək. Qayıdanda eləcə. Hər gün cibimə 2 manat ziyan dəyəcək”.

Şikayətçi heç olmasa, yollar bağlanan ərazidə yaşayan əhaliyə nəqliyyatda güzəşt edilməsini istəyir.

Maraqlıdır, Formula 1 ərəfəsində ictimai nəqliyyatda güzəştlər tətbiq edilməlidirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkəmizdə ictimai nəqliyyat konsepsiyası kökündən dəyişməlidir. Qeyd edib ki, ictimai nəqliyyat dünyanın hər yerində birdəfəlik gediş haqqına görə hesablanmır və bu məsələni çoxdan başqa cür çözüblər.

İqtisadçı Bakıda və ölkənin digər böyük şəhərlərində günlük, həftəlik, aylıq, 6 aylıq və 1 illik gediş biletlərinin tətbiq olunmasını təklif etdiklərini söyləyib:

“Belə şəraitlərdə həmin biletlərin satışında güzəştlər tətbiq olunmalıdır. Bizdə nədənsə nəqliyyatda gediş birdəfəlik gediş haqqı kimi hesablanır. Bu, yanlışdır. Bunun tələbəsi var, təqaüdçüsü var, F1-ə görə belə çətin şəraitlə üzləşmiş insanlar var. Güzəşt sistemi tətbiq etmək üçün çox istifadəli biletlərə keçməliyik”.

Bu sistemin nəqliyyat şirkətlərinin özlərinə də sərf etdiyini deyən N.Cəfərli vurğulayıb ki, onlar gediş haqqını öncədən toplayırlar və əllərində böyük bir vəsait yığılır ki, öz problemlərini, borclarını, xərclərini, təmirlərini həmin vəsait hesabına edirlər:

“Ona görə də birdəfəlik gediş haqqı məsələsini unutmaq lazımdır. Bu, turistlərə aid məsələdir. Dünyanın hər bir yerində birdəfəlik gediş haqqı turistlərin istifadəsi üçündür. Amma yerli əhali daha çox həftəlik, aylıq, illik biletlərdən istifadə edir. Azərbaycanda da bu sistemə keçməyə ehtiyac var”.

Mövzuyla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, verilən qərar ölçülüb-biçilmiş bir qərardır və heç bir güzəştin edilməsi nəzərdə tutulmayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Oktyabr 2024