• Bakı 20° C

    13.89 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

“Formula 1” zamanı avtobuslarda güzəştlər olacaq? - RƏSMİ

CƏMİYYƏT

12 Sentyabr 2025 | 09:33

“Formula 1” zamanı avtobuslarda güzəştlər olacaq? - RƏSMİ

Bir neçə gündən sonra Bakıda növbəti “Formula 1” yarışlarına start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, 3 gün davam edəcək tədbirlə əlaqədar paytaxtın bir sıra yolları bağlanıb, avtobusların isə qrafiklərində dəyişiklik edilib. Bu vəziyyət isə həmin yollardan gündəlik olaraq istifadə edən vaətəndaşların narazılığına səbəb olub. Belə ki, əvvəl 1 avtobusdan istifadə edən əhali, indi mənzil başına çatmaq üçün bir neçə avtobus dəyişməli olacaq. Bu isə həm vaxt, həm də maddi cəhətdən əlavə yük yaradır.

Bəs, buna görə ictimai nəqliyyatda müvəqqəti olaraq güzəştlər tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, “Formula 1” və bu miqyaslı tədbirlərdə əsas qaydalardan biri odur ki, onlar şəhərin müxtəlif ərazilərini özündə əks etdirir.

Aslan Əsədov, nəqliyyat məsələləri üzrə ekspert

A.Əsədov qeyd edib ki, bu, şəhərin infrastrukturunu və ümumi ahəngini ön plana çıxararaq ənənəvi sistemdən kənara çıxmış olur:

“Belə tədbirlər xüsusən paytaxtın və ümumilikdə ölkənin imicinə birbaşa təsir göstərir”.

Ekspert nəzərə çatdırıb ki, buradakı məqsəd şəhər mərkəzini əhatə edən beynəlxalq səviyyəli yarışların ənənəvi şəkildə ölkəmizdə keçirilməsidir.

Müsbət tərəflərdən danışan müsahibimiz vurğulayıb ki, belə yarışlar əlavə təqdimata ehtiyac qalmadan ölkə imicinə və tanıdılmasına xidmət edir:

“Eyni zamanda, turist axınının artmasına, həmin ərazidə rentabelliyin və gəlirliliyin yüksəlməsinə səbəb olur, əhalinin rifahına da müəyyən müsbət təsir göstərir”.

Müsahibimiz onu da söyləyib ki, tədbir zamanı ictimai nəqliyyatın iş qrafikində pozuntular yaranır. Bu isə gündəlik olaraq həmin ərazilərdən istifadə edən və oradan keçən insanlar üçün müəyyən narahatlıqlara səbəb ola bilər:

“Məncə, bu, yalnız müvəqqəti bir zaman kəsiyində yaşanan çətinlikdir. Tədbir başa çatdıqdan sonra isə şəhərə və ölkəyə əlavə dəyər qatır”.

Mövzuyla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, verilən qərar ölçülüb-biçilmiş bir qərardır və güzəşt nəzərdə tutulmayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Sentyabr 2025