“Təəəsüflə qeyd etmək lazımdır ki, bəzi regionlarda, ümumiyyətlə, təhsilə marağın azaldığını görürük. Burada bir sıra amillər rol oynayır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi maarifləndirmə işi aparmalıyıq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov
Onun sözlərinə görə, son illər Azərbaycanda yeni peşə məktəbləri yaradılıb, ən müasir avadanlıqlarla təmin olunub: “Biz həm məktəblərdə, həm də KİV-də istiqamətlər barədə təbliğat aparmalıyıq ki, gənclərimizin həm təhsilə, həm də peşə təhsilinə marağı artsın. Biz oturub gözləsək ki, bu maraq öz-özündən artacaq, bu, heç vaxt baş tutan deyil. Biz maarifləndirmə işi aparmalı, “açıq qapı” günü və görüşlər keçirməliyik ki, gənclərimizi bu istiqamətə yönəldək".
Deputat deyib ki, ölkədə valideynlərin çoxu övladlarının ali təhsil almasına çalışır. Bəzən övladın ali təhsil almağa marağı olmur, bilik və bacarığı buna imkan vermir. Belə olduğu halda, gənclərimizi peşə təhsilinə yönəltməkdə fayda var: "Belə olan halda, gənclər özlərinin gələcəyini və inkişafını təmin edə bilərlər. Yenə qeyd edirəm, biz qarşımıza qoydğumuz məqsədə çatmaq üçün maarifləndirmə işi aparmalıyıq”.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a son 3 il üçün qəbul statistikası açıqlanıb.
2019 – 14148 nəfər
2020 – 14795 nəfər
2021 – 16590 nəfər.
Qeyd etmək lazımdır ki, ötən il peşə təhsilinə qəbul üçün 24600 nəfər müraciət edib.
Təhsil eksperti Kamran Əsədovun Bakıvaxtı.az-a dediyinə görə, keçmiş sovetlər dövründə texniki peşə təhsili ölkə iqtisadiyyatının peşə - ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynayıb. Lakin SSRİ dağıldıqdan sonra təhsilin başqa sahələrində olduğu kimi, peşə təhsilində də ciddi problemlər yarandı: “O dövrdə texniki peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətə düşdü. 1988-93-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi – siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərdi. Bu dövrdə hökm sürən ictimai və sosial-iqtisadi sabitsizlik, istehsal həcminin kəskin azalması və nəticə etibarilə əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbatın aşağı düşməsi, büdcədən maliyyələşmənin sıxılması, həmçinin təhsil təşkilatları ilə müəssisələr arasında ənənəvi əlaqələrin qırılması texniki peşə təhsili sistemini iflic vəziyyətinə saldı və tamamilə dağılmaq təhlükəsi ilə üz- üzə qoydu. Uzun müddət bir çox ixtisaslar üzrə lazım olan işçi qüvvəsi ya xarici ölkələrdən dəvət olundu, ya da bunu qeyri ixtisaslı kadrlar həyata keçirməyə bşladı. Geridə qoyduğumuz 30 ilə baxdıqda görürük ki, texniki peşə təhsili müəssisələrinin binaları yararsız hala düşdü, mühəndis pedaqoji heyətin böyük bir qismi işdən uzaqlaşdı”.

Kamran Əsədov
Onun sözlərinə görə, buna baxmayaraq, 2016-cı ildən eibarən texniki peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyllər yaranmağa başladı. Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir: “Qeyd edim ki, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərmanından sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsl alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurdudan sonra əmək bazarında ixtisadsdı üzrə işlə təmin olunur. Amma peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir”.
K.Əsədov hesab edir ki, müavir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi: “Amma yeni “Peşə təhsili haqqında” qanunda qeyd olur ki, bu pillədə təhsil alanlara da hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu, gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, artıq bir neçə ildir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Bütün bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaq.
Nuranə Daxilqızı
















