“Tənbəl göz sindromu” və ya göz tənbəlliyi tibdə ambliopiya adlanır. Ambliopiya davamlı olaraq görmənin birtərəfli və ya ikitərəfli zəifləməsidir.
Bakıvaxtı.az xəbər verir ki, xəstəliyin gedişi rəng duyğusunun və məkan qavrayışının pozulması, görmə itiliyinin azalması ilə müşayiət oluna bilər. Göz tənbəlliyi gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Ambliopiyadan əziyyət çəkənlər dünya əhalisinin 2 faizini təşkil edir. Ambliopiya əsasən uşaqlıq dövrünün xəstəliyidir, ona görə də problemin mühüm aspekti onun erkən aşkarlanması və korreksiyasıdır.
Həkim-oftalmoloq Aygün Rəhimzadə deyib ki, göz tənbəlliyinin yaranma səbəblərindən biri görmə zəifliyidir (azərtac). Zəif görən göz daim tənbəlləşməyə meyilli olur. Digər səbəblərdən biri çəpgözlükdür: "Bəzən valideynlər, ailə üzvləri onu hiss etməsələr də, uşaqlarda həmin hala rast gəlinir. Gizli çəpgözlük yalnız oftalmoloq tərəfindən müayinə nəticəsində aşkar olunur. Çəpliyi olan uşaqların bir qismində görmə tənbəlliyi inkişaf edir. Ona daha çox iki göz arasında görmə fərqi olan uşaqlarda rast gəlinir. Bəzən uşağın bir gözündə 5 yaşında 60 faiz, 6 yaşında 80 faiz görmə mövcud olduğu halda digər gözün zəiflik nəticəsində görmə qabiliyyəti çox aşağı olur. Aşağı görməsi olan göz tənbəl olur və çəpliklə əlaqədar görmə oxundan yayındığı üçün ambliopik göz sayılır. Burada zamanı doğru seçmək çox vacibdir, çünki ambliopiya 10-12 yaşından sonra müalicə olunmur”.
















