Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında Azərbaycan idmançıları böyük uğur qazanıblar.
Bakıvaxtı.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub. O, yarımfinalda polşalı Aqata Kuçarskayanı 3:2, 1/4 finalda isə britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub etmişdi.
Digər uğurumuzu 80 kq çəki dərəcəsində Nihad Süleymanlı qazanıb. O, finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabıyla üstələyərək dünya çempionu tituluna yiyələnib. Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatini 4:0, 1/4 finalda isə həmyerlisi Elvin Hacıquliyevi 3:0 hesabıyla məğlub edib.
Beləliklə, Azərbaycan güləşçiləri Yunanıstanda keçirilən U17 dünya çempionatında iki qızıl medal qazanıblar.