Aprelin 16-da Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti erməni işğalından azad edilən Azərbaycanın mədəniyyət paytaxtı - Şuşaya səfər ediblər.
Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, mədəniyyət abidələri və Cıdır düzü ilə tanış olacaqlar.
Xatırladaq ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar ötən gün Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər.
Səfər iştirakçılarından biri - Gürcüstanın opera müğənnisi Jakeli Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə və musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib.

Səfər iştirakçılarından başqa biri - Gürcüstanın estrada müğənnisi Dimitri Kisişvili 6 yaşlı qızı Eli Kisişvili ilə birlikdə sözləri Tofiq Mütəllibova və musiqisi Qəmbər Hüseynliyə məxsus "Cücələrim" mahnısını səsləndirib.

Səfər iştirakçısı - Gürcüstanın opera müğənnisi Jakeli Lamze isə Bülbülün ev muzeyinin qarşısında Polad Bülbüloğlunun "Gəl ey səhər" mahnısını səsləndirib.

















