15 noyabr 2023-cü il tarixində ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər gündəm olub.
Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu haqda bəyanat yayaraq səsləndirilən fikirlərin əsassız olduğunu qeyd edib: "Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır”.
ABŞ-ın səsləndirdiyi fikirlər Amerika-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Deputat Arzu Nağıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, istər Qərbin, istərsə də ABŞ-ın bəzi siyasətçiləri Azərbaycanla bağlı belə qərəzli bəyanatlar verir: “ABŞ Ermənistanı bir vasitə kimi istifadə etməklə bölgədə özünün vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunmasına baxmayaraq, heç bir iş görmədən sadəcə dekorativ bəyanatlarla yadda qaldı. Bu gün də nüfuzunu qaytarmaq üçün belə addımlar atır. Bunu da, əsasən, Ermənistandan vasitə kimi istifadə edərək edirlər. Onların uzaq məqsədləri bölgədə Türkiyə və Rusiyanın nüfuzunun artmasının qarşısını almaq üçündür. Ciddi cəhdlə erməniləri qızışdırırlar ki, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlüyündən çıxıb Rusiyanın regiondan çıxarılması üçün müəyyən addımlar atsınlar”.
Onun sözlərinə görə, ABŞ-ın verdiyi bəyanatlar Fransanın bəyanatları ilə üst-üstə düşdüyündən, hiss olunur ki, birgə belə addımlar atırlar: ““Etnik təmizləmə”, “qovulma” məsələlərini gündəmə gətirirlər. Bunlar da absurd məsələlərdir. Azərbaycanın öz daxili və xarici siyasəti var. Bu, kiminsə bəyanatından asılı deyil. Təbii ki, bu təəssüf doğuran anlardır. Bunun Amerika-Azərbaycan münasibətinə ciddi təsir göstərəcəyinə inanmıram. Çünki ABŞ bizi dünyanın enerji təhlükəsizliyinin qarşısının alınmasında iştirak edən dövlət kimi tanıyır. Bizim münasibətlərimiz var. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat verdi”.

Arzu Nağıyev: ABŞ-ın bəyanatları Fransanın bəyanatları ilə üst-üstə düşdüyündən, hiss olunur ki, birgə belə addımlar atırlar
A.Nağıyevə görə, hamısı istəyir ki, bir vasitəçi rolunu oynasın: “Hamısı sülh müqaviləsinin imzalanmasında iştirak etmək istəyirlər. Bizə də kənar hansısa qüvvə lazım deyil. Əsas məsələ odur ki, sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Biz o 5 təklifi vermişik. Qalib, diqtə edən tərəf kimi cavab gözləyirik. Ona görə də, belə bəyanatlar olacaq. Əsas məram-məqsəd regionda itmiş nüfuzlarını bərpa etməkdir”.
Aytac Aslan
















