İndoneziya meymunçiçəyinə yoluxma hallarının artmasına görə ölkəyə daxil olan əcnəbilərə nəzarəti gücləndirib.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cakartadakı səfirliyi "Telegram" kanalında məlumat verib.
Məlumata görə, ölkəyə meymunçiçəyi gətirmə riskini minimuma endirmək üçün İndoneziyaya gələn bütün əcnəbilər QR kodu şəklində müvafiq tibbi bilet almaq üçün ixtisaslaşdırılmış internet saytında elektron formanı doldurmalıdırlar.
"Bu QR kodu sərhəd nəzarətindən keçmək üçün lazımdır. Eyni zamanda, turistlər təkcə öz şəxsi məlumatlarını elektron formada deyil, həm də xəstəliyin hər hansı əlamətinin olub-olmadığını qeyd etməli olacaqlar. Bura xüsusən də öskürək və yüksək temperatur kimi hallar daxildir. Bundan başqa, İndoneziyaya gələn əcnəbilər meymunçiçəyi simptomları olan insanlarla qarşılaşıblarsa, müvafiq qurumlara məlumat verməlidirlər", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki,avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir sıra ölkələrində meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Bu yoluxucu xəstəliyin əsas əlamətləri ürəkbulanma, qızdırma, səpgi və qaşınmadır.
Gülşən Şərif
















