Məlumdur ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp FED rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib. Bu kontekstdə "Goldman Sachs" bankının proqnozuna görə, ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhə altına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 000 dollara qədər yüksələ bilər.
Həmçinin analitiklərin fikrincə, FED-in müstəqilliyinin pozulması inflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, eləcə də dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər. Belə şəraitdə isə qızıl institusional etibardan asılı olmadığı üçün daha cəlbedici qənaət vasitəsinə çevriləcək.
Maraqlıdır ki, qızılın qiyməti qeyd olunan səviyyədə yüksələ bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hələ bir neçə il öncə qızılın 1 unsiyasının qiyməti 1800-2000 dollar aralığında olanda modellər qızılın qiymətinin asanlıqla 3000-3500 dollara qədər yüksələcəyini göstərirdi.
Onun sözlərinə görə, dolların alıcılıq qabiliyyətinə əsasən qızılın qiyməti daha da arta bilər. Çünki hazırda risk amilləri yüksəlib, qeyri-müəyyənliklər çoxalıb və dolların inflyasiyası davam edir:
"Qızılın bahalaşacağı ilə bağlı əvvəllər proqnozlar səsləndirilsə də, bu, sahədən uzaq olan şəxslər üçün o qədər də inandırıcı görünmürdü. Qızıl həm bir tədavül vasitəsi, həm də inflyasiyaya qarşı qoruyucu bir vasitədir. 100-200 il əvvəl 1 unsiya qızıla nə almaq mümkün idisə, bu gün də təxminən həmin məhsulları almaq mümkündür. Yəni, qızıl hər zaman öz dəyərini saxlayır”.
Müsahibimiz xatırladıb ki, bir neçə il öncə qızılın qiymətinin 1800 dollara olduğu vaxtlarda qızıl öz dəyərindən çox ucuz idi. Dediyinə görə, dolların mövcud inflyasiyası qarşısında qızılın dəyərinin aşağı saxlanması isə banklar tərəfindən həayata keçirilirdi:
“Belə ki, banklar tərəfindən verilən kağız öhdəlikdə müştərinin sahib olduğu qızılın miqdarı qeyd olunurdu. Bu gün həmin kağız öhdəliklər real fiziki qızıldan dəfələrlə çoxdur. Bu öhdəliklər vasitəsilə qızıla olan tələb ödənilir və nəticədə qızılın qiyməti aşağı saxlanılırdı. Çünki postpandemiya dövründə inflyasiya ən böyük bəla idi və dolların illik inflyasiyası 9 faizə qədər qalxmışdı. Bu dövrdə qızılın qiymətinin qalxması inflyasiyanı daha da sürətləndirə bilərdi. Ona görə də qızılın qiyməti artırılmadı. İnflyasiyanın sürətlənməsi zəifləyəndən sonra artıq qızılın qiymətinə müdaxilələr azaldıldı. Nəticədə qızıl qiyməti artmağa başladı".
Elman Sadıqov: ABŞ istiqrazlarına maraq artıq azalır və Amerika investisiya tapmaqda çətinlik çəkir
E.Sadıqov vurğulayıb ki, bu gün tarif siyasətləri yürüdülür və bu tarif siyasətləri məhsulların qiymət artımı deməkdir. Bu artım xüsusən də Amerikada qeydə alınır.
"Qızılın qiymətinin yenidən hesablanmasında ən önəmli faktor ABŞ-də dolların illik real inflyasiya göstəriciləridir. Əgər tariflərin tətbiqi nəticəsində qiymətlərdə artım olarsa və inflyasiya güclənərsə, bu, ərzaq və sıx tələbat olan məhsulların qiymətinə daha çox təsir edəcək. Bu gün dolların inflyasiya hədəfindən yüksək olmasına, inflyasiya təzyiqinin artmasına və FED-in müstəqilliyinin əlindən alınmasına baxmayaraq, faiz dərəcələri aşağı salınacaq. Bu, inflyasiyanın daha da sürətləndirməsi deməkdir. Əslində ABŞ bu oyunu çox incə şəkildə oynayır. Amerika nisbətən dolların inflyasiyaya məruz qalmasında maraqlıdır. Çünki artan borcların ödənməsində ən asan yol inflyasiyadır. Bu kontekstdə inflyasiya təzyiqləri yüksəkdir və bu, qızılın qiymətinə təsirsiz ötüşmür".
Müsahibimizin proqnozuna görə, inflyasiya təzyiqləri davam edərsə, qarşıdakı dövrdə qızılın qiyməti daha da bahalaşacaq:
"Nəzərə almaq lazımdır ki, yeni dünya düzənində dəyişikliklər hələ çox olacaq. Mövcud vəziyyətdə ABŞ iqtisadiyyatında iqtisadi qayğı və problemlər artmaqdadır. Bu gün ABŞ-də borc səviyyəsindən daha çox, borclanma problem doğurur. Yəni, ABŞ istiqrazlarına maraq artıq azalır və Amerika investisiya tapmaqda çətinlik çəkir. Bu cür dərin məsələlər fonunda qızıl getdikcə bahalaşır".
Qeyd edək ki, hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti 3 500 dollardan artıqdır.
Gülşən Şərif