“Konfransın gündəliyi Münxen zirvəsinin sərlövhəsinə, ”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adına uyğun seçilib, halbuki Qərbin Qafqaz dağlarına 100 il əvvəl və indi niyə gəldiyini yaxşı bilirik, lakin ölkə rəhbəri Göyçə və Zəngəzuru hərbi yolla tutmağa çağırmır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlara maddi-mədəni irsimiz” kitabının təqdimatı ilə bağlı konfransda deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın düşmənçilikdən xilası, birlikdə kommunikasiya, infrastruktur, iqtisadiyyat, ticarət və gələcək quruculuğu erməni-azərbaycanlı düşmənçiliyinə son qoyar. Bu gün ABŞ-da 500 min, Fransada 600 min, İranda 200 min, Livanda 150 min, Suriyada 100 min, Rusiyada 2,5 milyon erməni toplumu yaşadıqları cəmiyyətlərə necə inteqrasiya ediblərsə, Azərbaycanla da sülh, sabitlik, təhlükəsizlik şəraitində yaşaya bilərlər: “Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması mühüm mədəni, hüquqi və siyasi hadisədir. Təşkilatın 100 minlərlə insanı təşkilandırması, tarixi yaddaşı oyatması və keçmişlə rabitə qurması, dövlətimizin beynəlxalq mənafelərini qoruması doğma torpaqlara dönüşü yaxınlaşdırır. Yüzilliklər ötdükcə maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin yaşadğı torpağa mənsubluğunu göstərən pasporta, kadastr aktına çevrilir. Beləliklə, İrəvan, Göyçə, Zəngəzur milli ideyaya çevrilir. Tarixi yaddaş bərpa olunur. İlham Əliyevin 2020-ci ildə Akstafada “bunu pozun və Qarakilsə yazın” sözlərini xatırlasaq, prezident “öz xəritəsi”ni yaratdı və dünyaya qəbul etdirdi”.
Aytac Aslan
















