• Bakı 26° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

İsti havada dərman qəbul edənlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

30 Iyul 2026 | 11:55

İsti havada dərman qəbul edənlərə XƏBƏRDARLIQ

İsti hava şəraiti bəzi dərmanların təsirini dəyişdirə və onların yan təsirlərini daha da gücləndirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində danışıb.

Ekspert bildirib ki, yüksək temperatur nəticəsində orqanizmdə maye itkisi artır və bu, xüsusilə sidikqovucu preparatlar, arterial təzyiq dərmanları, şəkərli diabet əleyhinə vasitələr, ürək dərmanları, psixi xəstəliklərin müalicəsində istifadə olunan preparatlar və bəzi antihistamin vasitələr qəbul edən şəxslər üçün əlavə risk yaradır.

Onun sözlərinə görə, sidikqovucu preparatlar bədəndən maye və elektrolitlərin xaric olunmasını artırdığı üçün isti havalarda susuzlaşma, halsızlıq və arterial təzyiqin həddindən artıq enməsi ehtimalı yüksəlir. Şəkərli diabet xəstələrində isə yüksək hava temperaturu qanda qlükoza səviyyəsinə təsir göstərə, bəzi hallarda insulinə olan tələbatı dəyişə bilər.

Z.Quliyev qeyd edib ki, bəzi dərmanlar tərləmə prosesini zəiflədərək orqanizmin təbii soyuma mexanizmini pozur və bu da günvurma riskini artırır.

Mütəxəssis vurğulayıb ki, bütün bunlara baxmayaraq, həkim məsləhəti olmadan dərmanların dozasını dəyişdirmək, qəbulunu azaltmaq və ya tamamilə dayandırmaq qətiyyən düzgün deyil. Onun sözlərinə görə, müalicə sxemində istənilən dəyişiklik yalnız həkim tərəfindən xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri və qəbul etdiyi preparatlar nəzərə alınmaqla aparılmalıdır.

Ekspert dərmanların saxlanma şəraitinin də xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, bir çox preparat birbaşa günəş şüalarının təsiri altında öz təsirini itirə və ya kimyəvi xüsusiyyətlərini dəyişə bilər. Buna görə də dərmanlar istifadə təlimatında göstərilən temperatur rejiminə uyğun, quru və sərin yerdə saxlanmalıdır. Xüsusilə insulin kimi preparatlar temperatur dəyişikliklərinə daha həssas olduğundan onların düzgün saxlanılması vacibdir.

Z.Quliyevin sözlərinə görə, isti havalarda xroniki xəstəlikləri olan şəxslər sağlamlıqlarına daha həssas yanaşmalı, kifayət qədər maye qəbul etməli, qan təzyiqi və qan şəkəri göstəricilərini mütəmadi nəzarətdə saxlamalıdırlar.

"Başgicəllənmə, güclü halsızlıq, ürəkdöyünmə, arterial təzyiqin enməsi və ya digər qeyri-adi əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət edilməlidir. Zərurət yaranarsa, həkim müalicə sxemində dəyişiklik edə və əlavə tövsiyələr verə bilər", – deyə ekspert bildirib.

Sonda vurğulanıb ki, isti yay günlərində dərman qəbuluna məsuliyyətlə yanaşmaq və həkim göstərişlərinə əməl etmək sağlamlığın qorunması üçün mühüm əhəmiyyət kəsb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026