Prezident İlham Əliyevin bu gün səsləndirdiyi tapşırıq əslində kadr dəyişikliyi yox, idarəetmə modelinin dəyişməsi deməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
"Prezident bu gün keçirilən rəqəmsal arxitektura mövzusundakı müşavirədə nazirliklərdə rəqəmsal sektora cavabdeh olan bir müavinin olmasının vacibliyini vurğulayıb. Nazirliklərdə və əsas dövlət qurumlarında rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə xüsusi cavabdeh müavinlərin müəyyənləşdirilməsi bu sahələrin artıq texniki funksiya deyil, birbaşa rəhbərlik məsuliyyəti olduğunu göstərir. Prezident bu açıqlama ilə açıq da mesaj verir.
Rəqəmsal transformasiya sadəcə İT şöbələrinin və ya departamentlərin işi deyil. AI, data və kibertəhlükəsizlik qərarları idarə heyəti səviyyəsində qəbul olunmalı və konkret cavabdehi olmalıdır. Eyni zamanda bu addım uzun müddətdir hiss olunan koordinasiya probleminin də etirafıdır — “kim kiminlə işləyir, kim cavabdehdir?” sualına aydın cavab formalaşdırılır.
Etiraf edim ki, bu məsələdə biz çox gecikdik", - deyə O.Gündüz bildirib.
O qeyd edib ki, bununla bağlı, az qala, 15-20 il olar ki, təkliflər irəli sürülüb:
"Nəinki dövlət qurumlarında konkret cavabdehlərin, həm də ali hakimiyyət səviyyəsində, Prezident , PA və ya NK səviyyəsində koordinasiyaedici qurumun formalaşdırılmasıyla bağlı təkliflər irəli sürmüşdük.
Dünya təcrübəsi də diqtə edir ki, AI layihələri struktur dəyişiklik tələb edir, data paylaşımı qurumlararası müqaviməti yaradır, proseslərin avtomatlaşdırılması isə insan faktoruna toxunur, kibertəhlükəsizlik kritik qərarlar tələb edir.
Xatırlayıram ki , rəqəmsal sektora cavabdeh olan bir komitə sədrinin müavini mənə bildirmişdi ki, dövlət qurumunda kserokopiya aparatların ləğvinə yönələn bir elektron xidmətin tətbiqi əmrindən sonra xeyli əməkdaşlar ona düşmən kimi baxırmış.
Hansısa İT şöbə müdiri isə yuxarıdakıları icra etmək gücündə deyil.
Nəhayət ki bu istiqamətdə real addımların atılması transformasiyanın daha sürətli gedəcəyinə inamı artırır.
Əlbəttə, risklər də var. Əgər bu funksiyalar formal şəkildə, bu sahədən xəbərsiz olan mövcud müavinlərdən birinə tapşırılsa, real səlahiyyət və büdcə verilməsə, Prezidentin irəli sürdüyü model işləməyəcək.
Amma düzgün icra olunsa, bu yanaşma dövlət idarəçiliyində AI tətbiqlərini sürətləndirə, mygov kimi vahid platformaya keçidi daha da sürətləndirə bilər. Bu tapşırıq göstərir ki, rəqəmsallaşma artıq ayrıca layihə yox, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul olunur".
"Kimlər rəqəmsal üzrə nazir müavini olmağa namizəddir?" sualını isə qurum rəhbəri belə cavablandırıb:
"Bu sektorda 30 illik təcrübəm əsasında bir anda ən azı 10 Nazirlikdə layiqli və peşəkar şəxsin namizədliyi gözümün önündən keçdi.
Yəni hazırda, sektoru kordinasiya edən yetişmiş, etimad göstərilməyə layiq nazir müşavirləri, idarə rəisləri, rəqəmsal mərkəz rəhbərləri, Chief Digital Officerlərimiz var ki potensial nazir müavinləri olaraq dərhal fəaliyyətə başlaya və ciddi irəliləyiş əldə edə bilərlər".
Bakı 




