Məlumdur ki, rayonlara və ya xarici ölkələrə istirahət üçün gedənlərin, yeni tədris ilinin başlaması ilə əlaqədar Bakıya gələnlərin sayında avqustun ortalarından başlayaraq artım müşahidə olunur. Bu axın isə kirayə evlərə tələbatı artırmaqla yanaşı, kirayə evlərin qiymətinə də təsirsiz ötüşmür.
Əsas problem budur ki, əksər hallarda insanlar kirayə mənzil tapmaqda belə çətinlik yaşayırlar.
Bəs görəsən, kirayə mənzil çatışmazlığının səbəbi nədir?
Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi, bu il də avqust-sentyabr aylarında Bakıda və ətraf qəsəbələrdə kirayə evlərə tələbat artacaq. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ötən il təkrar kirayə mənzil bazarına daha az mənzil çıxarılıb:
“Bu o deməkdir ki, bu il də kirayə mənzil bazarında durğunluq yaşanacaq və mənzil çatışmazlığı yaşanacaq. Çünki 2025-ci ildə də təkrar kirayə mənzil bazarına çıxarılan evlərin sayının az olacağı gözlənilir. Bunun başlıca səbəblərindən biri Bakı şəhərində pilot layihə çərçivəsində tikinti şirkətlərinin söküntü işləri apardıqları ərazinin sakinlərini kirayə mənzillə təmin etməsidir. Çünki şirkətlərin söküntü apardığı ərazilərdə yaşayan sakinlərlə kirayə müqaviləsi bağlanır. Yeni binalardakı mənzillər sakinlərə təhvil veriləndən sonra kirayə mənzillər boşalacaq. Bir binanın tikilməsinin 2 ildən artıq müddətə başa gəldiyini nəzərə alsaq, bu halda 100-ə yaxın ailə şirkət tərəfindən kirayə mənzillə təmin olunur. Bu isə həmin mənzillərin 2 ildən artıq bir vaxtda təkrar kirayə mənzil bazarına çıxmasına mane olur. Nəticədə kirayə mənzil bazarında ev çatışmazlığı yaşanır".
A.Nəsirov vurğulayıb ki, şəhərin bəzi ərazilərində yeni söküntü işlərinə start verilib. Onun fikrincə, bu isə onsuz da az olan kirayə mənzillərin sayının daha da azalmasına səbəb olacaq. Tələbatın yüksək, kirayə mənzillərin sayının az olması fonunda kirayə evlər qiymətinin bahalaşması gözləniləndir.
Anar Nəsirov: Bu il də təkrar kirayə mənzil bazarına çıxarılan evlərin sayının az olacağı gözlənilir
"Hər il kirayə mənzil bazarında evin yerləşdiyi ərazidən asılı olaraq 18-25 faiz, hətta 30 faizlik qiymət artımı qeydə alınır. Bu il də ilin sonunadək 18-25 faizlik qiymət artımı gözləniləndir. Əvvəllər kirayə mənzil bazarına gündəlik 30-35 ev çıxarılırdısa, hazırda bu mənzillərin sayı 10-12-yə düşüb. Ümumilikdə ötən illə müqayisədə bu il kirayə ev tapmaq çox çətin olacaq", - deyə müsahibimiz qeyd edib.
Tələbələrin kirayə ev tapmaq probleminə də toxunan ekspertə görə, bunun üçün dövlət və ya özəl şirkətlər tərəfindən xüsusi layihələr həyata keçirilməlidir. Layihələrə əsasən, universitetlərə yaxın ərazilərdə xüsusi tələbə evləri tikmək olar:
"Bu evlərin tikintisi tələbələrin normal yaşaması üçün lazımi şəraiti nəzərə almaqla, çoxmərtəbəli bina şəklində inşa oluna bilər. Xüsusən də özəl şirkətlər bu məsələyə daha çox meylli olmalıdırlar. Şirkətlər bu addımdan səmərəli biznes kimi istifadə edə bilərlər. Sahibkarlar 10-12 mərtəbəli yataqxana tipli bina tikməklə, həm tələbələrə ucuz qiymətə ev vermiş olar, həm də yığılan kirayə pulları ilə öz bizneslərini daha da inkişaf etdirə bilərlər. Həmçinin əlavə ödənişlə tələbələr üçün xüsusi yemək menyuları təqdim etmək olar. Yəni, tələbələr üçün yaradılan yataqxanalarda əlavə xidmət sektorlarının fəaliyyətinə də imkan yaradıla bilər".
Gülşən Şərif