Dünən Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə daxil olmuş kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunması barədə Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin ictimai müzakirəsi təşkil olunub. Müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edib. Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.
Bəs kitabların qiyməti ucuzlaşacaq?
Mövzu ilə bağlı “Qanun” Nəşrlər Evinin evinin sahibi Şahbaz Xuduoğlu Bakıvaxtı.az-a danışıb:
"Adətən, ƏDV ləğv olunan ölkələrdə kitab satışı 15-20% aralığında artır. Ümid edirəm, bizdə də eyni təsirə malik olacaq. Əlbəttə ki, kitabın qiyməti 18% azalacaq, eyni zamanda, kağızdan da ƏDV götürüləcək. Əgər bu vaxta qədər kağız gətirən firmalar az sayda idisə, bundan sonra artacaq. Ümumiyyətlə, məncə, nəşriyyatların, kitab çeşidlərinin də sayı artacaq. Ona görə kitabların tirajı da çoxalacaq. İllik ortalama tiraj 700 ədəd idisə, indi 1000-ni aşacaq. Bu kitaba çox ciddi təsir edən məhdudlaşdırıcı vergi idi. Bu götürüləndən sonra Azərbaycan cəmiyyətində kitabın vəziyyəti xeyli yaxşılaşacaq. Oxucuların sayının artacağı da gözlənilir".
Aytac Aslan
















