Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə, ardınca isə Parisə səfərinin bəzi detalları açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Paşinyanı Brüsselə Əbu-Dabi görüşünün nəticələri ilə bağlı izahat almağa çağırıblar:
"Bir çoxları üçün səfər gözlənilməz oldu. Çox az sayda insanın bundan xəbəri var idi. Paşinyan Avropa İttifaqı (Aİ) rəsmilərinə Avropanın himayəsi altında sülh müqaviləsinin imzalanması baş tutmadığı barədə məlumat verib. Hazırda proses ABŞ-nin vasitəçiliyi ilə baş verir, "Zəngəzur dəhlizi" ilə bağlı razılaşma əldə olunur. Paşinyan Aİ-ni narahat etməmək üçün Rusiyanın regiondan çıxarılması ilə bağlı planı sona çatdırmaq barədə öhdəliyi üzərində götürdü", - deyə nəşr qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyan dünən Brüsseldə əvvəlcə Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenla, daha sonra isə Fransa Prezidenti Emanuel Makronla görüşüb.