Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.
6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Qida üzrə baş mütəxəssis Ağa Salamov
Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, mal əti yoxdur deyəndə orda əvəzinə donuz və ya mal əti də ola bilər: “Məsələn, sümüyü üyüdüb toz halına gətirdikdən sonra bir az toyuq əti, ət rənginə gətirmək üçün qırmızı kimyəvi maddə, dadlandırıcı əlavə edib satışa çıxarmaq olar. Bu dadlandırıcılardan biri də monosodium qlutamatdır. Bununla toyuq ətinini qırmızıya boyayıb dadlandırıcı vurub ət adı ilə satmaq mümkündür. Bəlkə də, mal əti yazıb donuz, at, ölmüş at, uzunqulaq ətindən istifadə edib. Ucuz olması üçün bunu edirlər. Onsuz da, bazarda baxanda görürük ki, bəzi məhsullar çox ucuz satılır. Yəni ətin satış qiymətinə görə bəzi ət məhsulları ucuz satılır. Baxırıq ki, ətin kiloqramı az qala 20 manata çatır. Mal əti 15 manat olduğu halda necə ola bilər ki, 1 kilo kolbasa və ya sosiska 3-5 manat olur. Bu bir az təəccüblüdür və üzərində düşünməyə dəyər”.
Mütəxəssis qeyd edib ki, leş ətindən kolbasa düzəldib satan şirkətlər birmənalı olaraq bağlanmalı, sahibkarlıq hüququ əllərindən alınmalıdır: “Bunlar istehlakçıları birbaşa aldadıblar. Axı müsəlman insanlar da gəlib ordan mal əti adı ilə donuz əti alıb yeyirlər. Güvənirlər ki, halaldır. Lap müsəlman olmasın, bunu etməklə donuz əti yeməyən adamları aldatmış olurlar”.
Aytac Aslan
















