İsrailin Səhiyyə Nazirliyi 6 aydan 4 yaşadək uşaqların “Pfizer” və “Moderna” şirkətlərinin koronavirus əleyhinə vaksinləri ilə peyvənd olunmasına icazə verib. Bununla da İsrail ABŞ-dan sonra dünyada körpələrin peyvəndlənməsinə icazə verən ikinci ölkə olub. Bəs uşaqları COVID-ə qarşı peyvənləmək onların səhhətinə necə təsir edə bilər?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bakıvaxtı.az-a bildirib ki, peyvəndlərin COVID-19-la və eləcə də, ona bənzər viruslarla mübarizədə rolu artıq müzakirə mövzusu deyil: “Xüsusilə, böyüklərdə ilyarım içində istifadə olunan peyvəndlərin istənilən effektinin alınması ilə yanaşı, həm də hər hansı əllə tutulan bilən yan təsirlərinin də olmadığı tibbi nöqteyi-nəzərdən sübuta yetirilib. Hər nə qədər bu gün də fərqli fikirlər səsləndirilməyinə vaxmayaraq, tibbi nöqteyi-nəzərdən bu məsələdə mübahisəli mövzu yoxdur".
Uşaqlar və hamilə qadınlara qarşı peyvəndlərin tətbiq olunması ilə bağlı cəmiyyətdə irəli sürülən fikirlərə gəlincə, R.Mahmudov qeyd edib ki, bu, olduqca həssas mövzudur: "Qeyd edim ki, bu məsələ yalnız bizdə yox, bütün dünyada müzakirə olunur. Lakin mən həmişə demişəm ki, hamilələrin peyvəndə daha çox ehtiyacı var. Çünki hamilə qadında aktiv immunitet əmələ gəlməyibsə, əgər peyvəndli deyilsə və xəstələnirsə, o, həyatını itirməsə belə, reanimasiyalara düşməsi, oksigenin aşağı olması nəticəsində, uşaqda qalıcı defektlər əmələ gəlir. Çünki oksigenin aşağı olması səbəbilə, uşağın orqanlarında qalıcı problemlər yaranır. Ona görə də, hamilə qadınlara xəstələndiyi zaman peyvənd vurulması, dünyanın bütün aparıcı ölkələri tərəfindən təsdiqlənib”.
Uşaqlara gəldikdə isə, MM üzvü bildirib ki, onlar da bu cəmiyyətin bir parçasıdır: “Uşaqların virusa yoluxmaması üçün tək vasitə peyvənddir. Mən uşaqların da peyvənd olunmasının tərəfdarıyam. Bunun uşaqların virusların böyük dalğalarından qorunmasında və ölkənin tam nəzarətə alınmasında faydası ola bilər. Amma bunlar əlbəttə, könüllülük prinsipi ilə olmalıdır. Cəmiyyətə bu məsələlər tibbi nöqteyi-nəzərdən başa salınmalıdır. Bunu başa düşən insanların, əlbəttə, peyvənd olunması işimizi asanlaşdıra bilər. Düşünmürəm ki, COVID əvvəlki kimi insanlarda qorxu yaratsın. Lakin virusun yeni və böyük dalğası ilə üzləşdikdə, çətinlik yaşamamaq üçün insanların peyvəndlənməsini doğru hesab edirəm”.
Nuranə Daxilqızı
















