Xəbər verdiyimiz kimi, bu ilin fevralında aşkarlanan koronavirusun yeni variantı (EG.5) sürtələ yayılmaqdadır. Artıq yeni ştam Azərbaycana qonşu ölkələrdə - Rusiya və Gürcüstanda - də aşlarlanıb.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yeni ştam omikron variantının bir alt tipidir və 51-dən çox ölkədə yayılıb: “omikrondan daha sürətli olduğu, amma patogenliyinin onun qədər olmadığı bildirilir. Lakin bu fikirləri dəqiqləşdirmək üçün müəyyən vaxt lazımdır. Görünən odur ki, omikrondan sürətli olduğu deyilsə də, hələ ki onun qədər sürətli yayıldığının şahidi olmuruq”. M.Əliyev deyib ki, omikron bir ay ərzində sürətlə yayılıb dünyada dominant olmuşdusa, bu virusda isə iki ay olmasına baxmaraq, sürətli artış görünmür.
İnfeksionistin sözlərinə görə, fəsil məsələsi də var. Belə ki, yay fəsli olduğu üçün günəşin aktivliyi yoluxmanın əleyhinədir: “Təbii ki, yoluxmalar artsa, bizə də gələcək, amma daha yüngül, qrip kimi olacaq. Bu hal xəstəxanaların iş yükünü artırmayacaq, yoluxanlar evdə müalicə olunacaq”.
Müsahibimiz vurğulayıb ki, yeni ştamın ağır keçmə ehtimalı risk qrupuna daxil olan şəxslərdədir. Belə ki, onun sözlərinə görə, yaşı 65-dən çox, xroniki və qara ciyər xəstəliyi olanlar risk qrupuna aiddirlər. Bu şəxslər mütləq peyvənd olunmalıdır: “Digər tərəfdən, kim qorunmaq istəyirsə, sıx yerlərdə maskadan istifadə etsin”.
Qeyd edək ki, öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ümumi zəiflik ilə xarakterizə olunan EG.5 koronavirusun omikron növünə bənzəyir. Bu virus risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Onu da bildirək ki, EG.5 virusu artıq dünyanın 50-dən çox ölkəsində qeydə alınıb. Son bir ay ərzində koronavirusun yeni ştamına dünyada 7 milyondan çox yoluxma qeydə alınıb və artıq üç min nəfər dünyasını dəyişib.
Aytac Aslan









jpg-1694850102.webp)






