• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Maska cərimələrinin taleyi necə oldu?

CƏMİYYƏT

09 Dekabr 2022 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

Maska cərimələrinin taleyi necə oldu?

2020-ci ildən etibarən bütün dünya koronavirusdan əziyyət çəkir. Bütün ölkələr kimi Azərbaycan da vətəndaşlarını virusdan qorumaq üçün sərt karantin tədbirləri tədbiq etdi. Bunlardan biri də həm açıq havada, həm də qapalı məkanlarda maska taxmaq idi. Qaydalara tələb etməyənlər isə, təbii ki, cərimələnirdi.

Məlum olduğu kimi, bu il mayın 1-dən maskaların məcburi taxılması qərarı ləğv edilib. Əksəriyyət bu qərarla maska cərimələrinin də silinəcəyini güman edirdi. Amma minlərlə vətəndaşın maska cəriməsi hələ də qalır.

Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır: "Yəni, hüquq pozuntusu törədildikdən sonra qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Konstitusiyamızın 149-cu maddəsinin VII bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir”.

Hüquqşünas bildirib ki, qeyd olunan normaların məzmununa görə əvvəllər inzibati xəta törətmiş şəxslərin əməli artıq inzibati xəta hesab olunmursa və həmin inzibati xəta ləğv olunmuşdursa, vətəndaş əməli yüngülləşdirən qanunun geriyə qüvvəsi əsası ilə protokol tərtib etmiş və cərimə yazmış orqana yazılı ərizə ilə müraciət edərək inzibati xəta haqqında protokolun ləğvi və cərimənin silinməsini xahiş edə bilər. Onun spzlərinə görə, əgər müvafiq yerli icra hakimiyyəti orqanı inzibati xəta haqqında protokolu ləğv edib cəriməni silməzsə, vətəndaşın inzibati xətanın baş verdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ var.

T.Abdullazadə vətəndaşlara məsləhət görür ki, əvvəlcə cəriməni yazan orqana, daha sonra müvafiq məhkəməyə yazılı qaydada müraciət etsinlər: "Bundan əlavə qeyd etmək istərdim ki, qanunvericiliyin tələbinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Yalnız vətəndaşın vəziyyətini yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Məsələn, açıq havada maska cəriməsini qeyd olunan hallarla bağlı misal çəkmək olar. Düşünürəm ki, artıq açıq havada maska cəriməsi ləğv olunduğu və qanunvericiliyə əsasən yüngülləşdirici qanunun geriyə qüvvəsi olduğu üçün maska taxmamağa görə cərimələnmiş vətəndaşlar cərimənin silinməsi üçün müraciət edərək müsbət nəticə əldə etmək imkanları vardır".

"Lakin vətəndaş belə müraciət etməmişsə və cərimənin silinməsi ilə bağlı hər hansı inzibati orqanın və ya məhkəmənin qərarı yoxdursa həmin cərimə aktiv olaraq qalır və cərimə ödənilənədək sistemdən silinmir", - deyə Turan Abdullazadə əlavə edib .

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cərimələrlə bağlı məlumatlar ödənişlər üzrə portal məlumatlarında əks olunub.

“Hər bir vətəndaş fərdi idenfikasikasiya kodunu daxil etməklə borcun olub-olmamasını yoxla bilər”, - deyə DİN-dən bildirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026