Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələri hava ilə səyahət edən sərnişinlərə maska taxmağı tövsiyə etməyə çağırıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ÜST bu çağıtışı koronavirusun omicron variantının bir çox ölkədə, xüsusən də ABŞ-da yenidən artmasından sonra edib.
ÜST-ün Avropa üzrə fövqəladə hallar direktoru Ketrin Smolvud Covid-19-un sürətlə artdığı istiqamətlərdən gələn sərnişinlərə maska taxmağı tövsiyə edib.
Mövsümi xəstəliklərin artdığı bir vaxtda Azərbaycanda da maska tələbi qayıda bilərmi?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, maska taxmaq yenidən gündəmə gələ bilər, amma tövsiyə xarakterli: “Ümumdünya Səhiyyə Təşkilatı zaman-zaman belə tövsiyyələr edir. Qapalı yerlərdə mütləq maska istifadə etmək lazımdır, çünki koronavirusun omikron variantı dünyada yenidən artmağa meyillidir”.
Onun sözlərinə görə, Çin və Tayvanda artımlar olduğu üçün Azərbaycan da daxil olmaqla bütün dünyaya təsirini göstərir. İnsanlarda omikrona qarşı immun sistemi zəiflədikcə yenidən artmağa başlayıb.
İnfeksionist hesab edir ki, Azərbaycanda yüksək dərəcədə artım olmayacaq: “Düşünürəm ki, koronavirusla bağlı problemimiz həll olunub. Fərdi olaraq hər kəs bu xəstəliyə yoluxub sağalıb. Ona görə, yoluxma məcburi maska istifadə olunacaq qədər olmayacaq. Tövsiyə xarakterli edilən maska çağırışına gərək insanlar riayət etsin. Bu, tək koronavirusla bağlı deyil. İndi də ölkəmizdə qrip epidemiyası yayılıb, bunun qarşısını almaq üçün maska çox böyük əhəmiyyətə malikdir”.
Aytac Aslan















