• Bakı 28° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Media ilə dövlətin vəhdəti: Prezidentin çağırışı jurnalistikaya stimul verir

MEDİA

21 Iyul 2025 | 11:35

Media ilə dövlətin vəhdəti: Prezidentin çağırışı jurnalistikaya stimul verir

Müasir dövrdə informasiya təhlükəsizliyi və informasiya müstəqilliyi anlayışları artıq sadəcə texniki və kommunikasiya sahəsinə aid məsələlər deyil, birbaşa milli təhlükəsizlik, dövlətçilik və strateji idarəetmə prinsiplərinin ayrılmaz hissəsinə çevrilib. Bu kontekstdə medianın rolu təkcə xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır. Media həm də ictimai rəyin formalaşdırılmasında, milli ideologiyanın yayılmasında və dövlətin daxili-siyasi sabitliyinin möhkəmləndirilməsində əsas aparıcı vasitələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya siyasətinə və media sektorunun inkişafına xüsusi diqqət yetirməsi, bu sahədə həyata keçirilən sistemli islahatlar və dövlət dəstəyi ölkədə medianın milli maraqlara xidmət edən, çevik və təsirli bir güc strukturuna çevrilməsinə zəmin yaradıb. Xüsusilə də Şuşada keçirilən III Qlobal Media Forumunda dövlət başçısının səsləndirdiyi fikirlər media və dövlət münasibətləri kontekstində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Prezidentin çıxışında Azərbaycanın media sahəsinə olan diqqət və dəstək bir daha aydın şəkildə göründü:

“Cənab Prezidentin jurnalistlərə ünvanladığı fikirlər yalnız keçmişə dəyər vermək deyil, həm də gələcək üçün strateji hədəflərin müəyyənləşdirilməsi idi. Bu çağırış mediaya verilən bir kredit, bir etimad kimi dəyərləndirilməlidir”.

Deputat hesab edir ki, dövlət başçısının medianı xarici təbliğat və informasiya savaşında təsirli vasitə kimi qiymətləndirməsi ölkənin informasiya suverenliyinin təmin olunmasında medianın roluna işarə edir:

“Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Azərbaycan mediası artıq beynəlxalq səviyyədə siyasi mərkəzlər tərəfindən izlənilir, yazılanlar təhlil olunur və bu materialların müəyyən siyasi qərarlara təsir imkanları yaranır. Bu isə o deməkdir ki, Azərbaycan mediası təkcə daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya arenasına ünvanlanmış bir güc mərkəzinə çevrilir”.

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

Hikmət Babaoğlu əlavə edib ki, bu kimi fikirlər Azərbaycan jurnalistikasının təkamül prosesində keyfiyyətcə yeni mərhələyə keçidinin göstəricisidir:

“Bu, əslində medianın dövlətlə birgə strateji platformada fəaliyyət göstərdiyini göstərir. Dünya ölkələrinin qərarverici mərkəzlərinin bizim medianı izləməsi isə yalnız güclü və mövqeyə sahib dövlətlərə məxsus bir göstəricidir. Bu gün Azərbaycan bu nüfuzu qazanıb və bununla da medianın məsuliyyəti daha da artır”.

Parlament üzvü sonda bildirib ki, media nümayəndələri bu etimadı qorumaq və informasiya savaşında dövlət maraqlarını müdafiə etmək missiyasını daim diqqət mərkəzində saxlamalıdır:

“Bu həm etimaddır, həm də məsuliyyət. Azərbaycan jurnalistikası Prezidentin verdiyi mesajları yalnız motivasiya kimi yox, eyni zamanda fəaliyyət proqramı kimi qəbul etməlidir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR