• Bakı 15° C

    0.23 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Mehdiyevin kölgəsində böyüyən "milyarder akademik" - Sabiq deputat FAKTLARLA DANIŞDI

SİYASƏT

22 Oktyabr 2025 | 08:50

Mehdiyevin kölgəsində böyüyən milyarder akademik - Sabiq deputat FAKTLARLA DANIŞDI

Azərbaycan cəmiyyətində illərlə “akademik”, “alim”, “rektor” kimi təqdim olunan Abel Məhərrəmovun adı indi daha çox var-dövlət, imtiyaz və siyasi dayaqlarla hallanır. Onun elmi titullar və fəxri adlarla dolu tərcümeyi-halı bir tərəfdən təhsil sahəsində nüfuzlu fiqur obrazı yaradırsa, digər tərəfdən illərlə formalaşan gizli iqtisadi şəbəkənin üstünü örtür.

Məhərrəmov təkcə BDU-nun uzunmüddətli rektoru kimi deyil, həm də ölkənin elmi strukturlarında mühüm qərarlara təsir edən fiqur kimi tanınıb. Amma bu nüfuzun arxasında dayanan amil siyasi himayə və şəxsi maraqların uzlaşdığı sistem idi.

Sabiq deputat Gülər Əhmədova (Mikayılqızı) Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun milyonlarla manatlıq sərvətə, şadlıq saraylarına və xarici ölkələrdəki mülklərə sahib olması onun elmi fəaliyyətindən çox, illərlə qurulmuş münasibətlər şəbəkəsinin nəticəsidir.

Onun sözlərinə görə, əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov illər boyu Ramiz Mehdiyevin ən yaxın çevrəsində olub. Hətta 2020-ci ildə Mehdiyevin nəvəsinin toy mərasimində səsləndirdiyi bu sözlər onun münasibətini açıq şəkildə göstərmişdi:

“Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz”.

Müsahibimiz bildirib ki, bu “təriflər” təsadüfi deyildi. Çünki Mehdiyevin himayəsində olan Məhərrəmov illər ərzində 50-dən çox yerli və beynəlxalq mükafatla təltif olunmuş, fəxri adlar, diplomlar, medallar əldə etmişdi. 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Abel Məhərrəmov bu müddətdə yalnız elm deyil, ailəsinin də “uğurlu” gələcəyini təmin etmişdi.

"2014-cü ildə tələbə Ramilə Kiçiyevanın imtahan zamanı rüşvət istənildiyini deməsi, ardınca isə Məhərrəmovun onu məhkəməyə verməsi yaddaşlardan silinməyib. Cəmiyyət isə yaxşı bilirdi, BDU-da rüşvət faktları gizli sirr deyildi",- həmsöhbətimiz əlavə edib.

Gülər Əhmədova, sabiq deputat

Gülər Mikayılqızı qeyd edir ki, Abel Məhərrəmovun qazandığı var-dövlət təkcə elmi nailiyyətlərin nəticəsi deyildi. Onun arxasında Ramiz Mehdiyev dayanmasaydı, bu qədər mülk və imkan toplamaq mümkün olmazdı.

Onun  təqdim etdiyi məlumatlara görə, Abel Məhərrəmovun və ailəsinin adına qeydiyyatdan keçmiş çoxsaylı obyektlər və bahalı mülklər var:

“El Faro Hotel Nabran” – 200 hektar ərazidə, 61 milyon manatlıq istirahət mərkəzi, qızı İzabellanın adına qeydiyyatda.

“Mono Liza” və “İzabella” şadlıq sarayları – Bakının mərkəzində, ümumi dəyəri 35 milyon manatdan çox.

11 SPA idman salonu, “Sahil” ticarət mərkəzində “Ramsey” mağazası, və bahalı avtomobil kolleksiyası – “Lamborghini”, “Bentley”, “Mercedes AMG”, “BMW X6”, “Audi Q8” və digərləri.

Mülklər – Binəqədi, Quba, Xızı, Nabran, Şüvəlan, Mərdəkan, həmçinin AMEA yaxınlığında və Şərifzadə küçəsində yerləşən villalar, “Qlobus” uşaq bağçası və bir neçə restoran.

"Bütün bu sərvətin kökü hara gedib çıxır? Cavab çoxlarına məlumdur – Ramiz Mehdiyevin uzun illər ərzində qurduğu “akademik şəbəkə”yə. Ona görə də, sabah Abel Məhərrəmov da çıxıb “Ramiz Mehdiyev bizə qarşı ədalətsizlik etdi” desə, inanmayın. Çünki o, Ramizin kölgəsində böyüyən və o kölgə altında milyarderə çevrilən “elm adamı” idi",- keçmiş parlamentari fikrini belə yekunlaşdırıb.

Məsələ ilə bağlı Abel Məhərrəmovun mövqeyini işıqlandırmağa hazırıq.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

21 Oktyabr 2025