• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçılardan FƏRQLİ YANAŞMALAR

CƏMİYYƏT

08 Iyul 2024 | 11:40

Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçılardan FƏRQLİ YANAŞMALAR

Xəbər verdiyimiz kimi, iyulun 7-dən Məhərrəm ayı başlayıb.

Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsinə istinadla bildirir ki, 1446-cı Hicri-Qəməri ilinin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edir. Səfər ayı isə avqustun 7-də başlayacaq.

Bu ayın başlaması ilə ənənəvi olaraq “Məhərrəmlikdə toy etmək olarmı” sualı da aktuallaşır.

Hacı Fuad  Nurullayev, QMİ sədr müavini

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, Peyğəmbər və onun ailəsini tanıyan, Hz.İmam Hüseynin şəhadətini anlayan insanlar nə Məhərrəmlik ayında, nə də Səfər ayında toy etməzlər. Məhərrəm ayında şəhidlərimiz- İmam Hüseyn və Kərbala şəhidləri, vətən şəhidləri yad olunur:

“Məsələn, bir adam atasının, nənəsinin, babasısıs, yəni bir yaxınının rəhmətə getdiyi gün toy etməz, şənlikləırini həmin vaxta salmaz və həmin günlərdə öz dünyasını dəyişən yaxınlarını yad edər. Sonrakı vaxtlarda da öz toyuna qərarlaşar. Bu, sadə bir məntiqdir”.

Müsahibimiz nəzərə çatdırıb ki, insanlar bəzən toyla evlənməyi qarışdırırlar. Bildirib ki, insan evlənmək, kəbin kəsdirmək istəyirsə, istənilən vaxt, istənilən ayda kəbin kəsdirib evlənə bilər:

“Biz toy deyəndə musiqi, oynamaq, şənlik nəzərdə tuturuq. Amma evlənmək, kəbin kəsdirmək üçün məhdudiyyət yoxdur”.

Bütün insanların İmam Hüseynin şəhadətinin, şəhidliyinin nə olduğunu dərk etmədiyini, hərənin öz düşüncəsi olduğunu deyən Hacı Fuada görə, Azərbaycan insanı 80-90% bilir ki, İmam Hüseyn kimdir, o necə həyat yaşayıb və nə zaman şəhid olub və hər il bu günü, xüsusən də Aşuranı qeyd edir, Məhərrəmliyin nə olduğunu başa düşür.

Onun sözlərinə görə, Qarabağ şəhidlərinin şəhadət günlərinin, 20 Yanvar faciəsinin qeyd olunduğu kimi Məhərrəm ayına da xüsusi önəm verməliyik:

“İndi başqa cür düşünülməsin ki, 1-2 gündür. Xeyr. Məsələn, 44 günlük müharibədə 44 gün ərzində bizim Vətənimiz torpaqların azadlığı üçün şəhidlər verdi. Artıq hər il həmin günlərdə şəhidləri yad edirik. Ona görə də biz həm Kərbəla şəhidlərini, həm də Vətən şəhidlərini yad edirik”.

Elşad Miri, İlahiyyatçı

İlahiyyatçı Elşad Miri isə Bakıvaxtı.az-a bildirib ki, Məhərrəmlik əslində ərəblərdə olan aylardan biridir. Yəni bizdə necə yanvar, fevral, mart varsa, ərəblərdə də məhərrəm və s. kimi aylar var və bu ayların hansında toy edib-etməyəcəyinə insanlar özləri qərar verə bilər:

“Məsələn, ola bilər ki, şəxsi olaraq bir insanın həmin ayda bir yaxını dünyasını dəyişib və ailələr arasında belə məsləhətləşə bilərlər ki, bu ay yox, başqa vaxt edək. Bu, başa düşüləndir, adət-ənənədir, insanların özlərinin şəxsi yanaşmasıdır və kənardan heç kim bu məsələdə heç kimi qınaya bilməz”.

Onun sözlərinə görə, məsələnin dini zəmində baş verdiyini iddia etmək doğru yanaşma deyil. Müsahibimiz qeyd edib ki, Allahın Quranda heç bir zaman hansısa ayda, hansısa gündə toy edib- -etməməklə bağlı bir əmri, buyruğu, tövsiyəsi yoxdur.

Peyğəmbərin özünün də belə bir davranışı olmadığını vurğulayan ilahiyyatçı nəzərə çatdırıb ki, dəqiq bilinməsə də araşdırılsa, görərik ki, peyğəmbərin özünün də, qızlarının da evliliklərindən məhərrəm ayına düşən ola bilər:

“Peyğəmbər özündən əvvəl dünyasını dəyişmiş peyğəmbərlərin həmin o vaxtında toy edib- eyməməklə bağlı bir ənənə ortaya çıxarmamışdı və yaxud da peyğəmbərin özünün sağlığında xanımları, qız övladları, oğlan uşaqları dünyasını dəyişdi. Amma buna baxmayaraq heç bir zaman yenə də həmin o günlərdə toy edib-etməmək qadağası olmadı”.

E.Miri İslamın əsas mənbəyinin Quran olduğunu, Quranda belə bir yanaşmanın olmadığını və buna görə də kiminsə özündən hansısa bir halal və yaxud da haram qoymaq səlahiyyətinə sahib olmadığını bildirib.

O, məsələnin digər tərəfindən yanaşaraq Məhərrəmlikdə toy etməyənlərin pandemiya dövründə etdiyini, hətta həmin günlərdə toyların sayının da çoxaldığını yada salıb:

“Digər tərəfdən bizim böyük bir qələbəmiz olan 44 günlük savaşda dünyasını dəyişən şəhidlərimizə görə həmin günlərdə toy etməmək anlayışı varmı? 20 yanvarda necə? Yaxud da başqa günlərdə varmı? Təbii ki xeyr. Ona görə bunları nəzərə alaraq demək lazımdır ki, İslamda belə bir qadağa, belə bir yasaq yoxdur”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Oktyabr 2024