Cəmiyyətdə baş verən hadisələr, qarşılaşdığımız qəribəliklər, təbii fəlakətlər, münaqişələr, böhranlar insanların psixoloji durumuna ciddi təsir edir. Bir çox hallarda hətta insanlar bu tip hadisələrin yaratdığı streslərə tab gətirməyərək özünə qəsd də edir və ya başqasının canına qıyır.
Bu və ya digər psixoloji olaylar isə adətən, uşaqlara, gənc nəslin nümayəndələrinə daha ciddi təsir edir. Uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurmaları vacibdir. Lakin təhsil sistemindəki ən böyük problemlərdən biri psixoloq çatışmazlığıdır.
Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, məktəblərdə psixoloqların olmağı və səmərəli iştirakı bu hadisələrin tam qarşısını almır: “Yenə müəyyən təhsil müəssisələrində bu və ya bənzəri hadisələr ola bilər. Bu, mümkündü. Amma əlbəttə, bu hadisələrin sayının azalmağını istəyiriksə, psixoloji işin təşkilini inkişaf etdirməyimiz lazımdır".
Onun sözlərinə görə, ölkəmizdə hal-hazırda psixoloji işlə bağlı vəziyyət heç də ürəkaçan deyil: "Çünki məktəblərdə bəzən psixoloq olur, amma psixoloq səriştələrinə sahib deyil. Ona görə ki, onlar bakalavr pilləsi üzrə Psixologiya ixtisası məzunu deyil. Bəzən isə 2-3 min şagirdin olduğu məktəbdə sadəcə, bir psixoloq olur, yəni say etibarlə yetərli deyil. Bəzən də məktəbdə Psixologiya ixtisasını bitirmiş psixoloq olur, amma işinə baxdıqda görürsən ki, təhsili və biliyi lazımı səviyyədə deyil”.
Ekspert problemin ilkin həll yolunu Psixologiya ixtisasının bakalavr pilləsi üzrə təhsilvermə metodunda görür. Q.Məhərrəmov bildirir ki, bu ixtisasın tədris proqramlarını müasirləşdirmək lazımdır: “Dərs deyən müəllimləri müasirləşdirmək, yeni alətlərdən istifadə etmək lazımdır. Ardından oranın məzunları xüsusi imtahan və müsahibələrdən keçdikdən sonra məktəblərə buraxılmalıdırlar. Mövcud psixoloqları isə hamısını işdən ata bilmərik. Amma onların peşəkar inkişafı üçün müəyyən təlimlər keçirilməlidir, eyni zamanda nə dərəcədə peşələrini bilir və ya bilmirlər yoxlamaq üçün sertifkasiya keçməlidirlər".
Müsahibimizə görə, mövcud psixoloqlara bir il şans verilməlidir ki, sertifkasiyadan keçə bilməsələr, öz peşələrini yenidən öyrənib imtahana girsinlər: "“Psixika” – ruh deməkdir. Əgər məktəbdəki təhsil səviyyəsi aşağı olan psixoloqdursa, biz uşaqlarımızın ruhunu səriştəsiz insanlara təslim etmiş olacağıq”.
Nuranə Daxilqızı
















