Hər səhər məktəb yollarında tıxacların yaranmasına öyrəncəkli olmuşuq. Ekspertlər hesab edirlər ki, əgər məktəb avtobusları olsa, uşaqlar məktəbə şəxsi avtomobillərlə gedib-gələr, bununla da tıxac probleminin nüəyyən bir hissəsi həllini tapar. Məsələ zaman-zaman müzakirə olunsa da, bununla bağlı bir yenilik yoxdu.
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi, eyni zamanda, günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhvə verər. Onun sözlərinə görə, bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli sürücülər tərəfindən təlimli hostesləri ilə yüksək xidmət göstərilir.: “Amma bir çox hallarda bunu təcrübəsiz, əsəbi valideyinlər öz nəqliyayt vasitələri ilə həyata keçirirlər ki, zaman-zaman da xoşagəlməz hadisələr baş verir. Amma nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığını, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını təmin edir. Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər. amma nəzərə alsaq ki, hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var. Əlbəttə, yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər. Bu, məktəbət ətrafında sıxlıq, xaos yaradır. Amma digər tərəfdən də məktəblərin büdcəsi yoxdur ki, məktəb avtobusları saxlasınlar”.
Ekspert qeyd edib ki, bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmirlər: “Çünki nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər. Şagirdlər məktəbə gəlmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. O zaman əlbəttə ki, yoluxma halları olacaq və o şagirdlər məktəbə daxil olanda ciddi yoxlanılmasalar, potensial daşıuyıcıya çevriləcəklər”.
K.Əsədov hesab edir ki, Bakı və bölgələrdə şagirdləri daşımaq üçün xüsusi avtobuslar ayrılmalıdır və o avtobuslar yalnız şagirdləri daşımalıdır. Ancaq onun sözlərinə görə, indi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb-gətirdiyindən, məcbur olub ya fərdi avtomobilindən, ya da ictimai nəqliyyatdan istifadə edir: “Zənnimcə, bu da düzgün addım deyil. Çünki, uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir. Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması təəccüblü deyil. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də şagirdləri məktəblərə avtobuslar aparıb-gətirir. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur. Və öz səmərəsini də göstərir”.
Aytac Aslan
















